🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:40   •   🌡️ Bakı

Qarğıdalını yumşaq və daha ləzzətli bişirməyin sirləri açıqlandı

Odlar.media xəbər verir ki, qarğıdalının həm yumşaq, həm də daha dadlı alınması üçün bişirmə zamanı bir neçə vacib məqama diqqət yetirmək lazımdır.
Mütəxəssislərin sözlərinə görə, qarğıdalı bişirilərkən qazanın dibinə və ən üst hissəsinə qarğıdalının öz qabıqlarını düzmək tövsiyə olunur. Bu üsul məhsulun təbii ətrini və dadını qorumağa kömək edir. Qabıqlar eyni zamanda buxarın saxlanmasını təmin edərək dənələrin daha tez yumşalmasına şərait yaradır.
Qarğıdalının dadını zənginləşdirmək üçün qaynama suyuna az miqdarda şəkər tozu əlavə etmək məsləhətdir. Şəkər dənələrin təbii şirinliyini artıraraq daha ləzzətli nəticə əldə etməyə imkan verir.
Mütəxəssislər qeyd edirlər ki, qarğıdalı bişirilərkən ən çox yol verilən səhvlərdən biri suya əvvəlcədən duz əlavə edilməsidir. Duz dənələrin sərtləşməsinə səbəb olur və bişmə müddətini uzadır. Buna görə də duzu yalnız qarğıdalı tam bişdikdən sonra əlavə etmək tövsiyə olunur.
Qarğıdalının daha yumşaq və qaymaqlı dada malik olması üçün qaynama suyuna az miqdarda süd və kərə yağı əlavə etmək də faydalıdır. Süd dənələrin sərtləşməsinin qarşısını alır, kərə yağı isə qarğıdalıya xüsusi ləzzət verir.
Bişmə müddətinə nəzarət etmək də vacibdir. Təzə və körpə qarğıdalılar adətən su qaynadıqdan sonra 20-30 dəqiqə ərzində hazır olur. Qarğıdalının həddindən artıq qaynadılması isə dənələrin şirəsini itirməsinə və qurumasına səbəb ola bilər.