Odlar.media xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın 2025-ci ildə kriptovalyuta aktivlərindən əldə etdiyi gəlirin təxminən 1,5 milyard dollar təşkil etdiyi açıqlanıb. Bu barədə ABŞ Hökumət Etikası Ofisinin (OGE) rəsmi internet saytında dərc olunmuş 927 səhifəlik maliyyə hesabatında məlumat yer alıb.
Sənədlərə əsasən, Donald Trampın kriptovalyuta sektorundan əldə etdiyi ümumi gəlir ən azı 1,427 milyard dollar olub və bu sahə onun əsas gəlir mənbələrindən birinə çevrilib.
Maliyyə açıqlamasında qeyd olunur ki, Tramp ailəsi ilə əlaqələndirilən “World Liberty Financial” şirkətinin token satışlarından 594 milyon dollar gəlir əldə edilib. Bundan əlavə, “CIC Digital MMC” adlı memkoin strukturu vasitəsilə 636 milyon dollar qazanc əldə olunub. Həmçinin, “Stablecoin Holdco” şirkətindəki payların satışından 197 milyon dollar gəlir əldə edildiyi bildirilir.
Hesabatda vurğulanır ki, “CIC Digital MMC” şirkətinin rəqəmsal cüzdanlarında hazırda ən azı 60 milyon dollar dəyərində kriptovalyuta aktivləri saxlanılır.
Bununla yanaşı, Donald Trampın ənənəvi biznes aktivləri də gəlir gətirməyə davam edib. Belə ki, Floridadakı şəxsi klubundan 77 milyon dollar, Şimali Virciniyadakı qolf klubundan isə 25 milyon dollar gəlir əldə olunub.
Xatırladaq ki, cari ilin iyunun 9-da “Reuters” agentliyi Tramp ailəsinin onun ikinci prezidentlik dövrünün başlanmasından sonra bir il yarımdan az müddətdə kriptovalyuta bazarından ümumilikdə ən azı 2,3 milyard dollar qazandığını bildirmişdi. Məlumata görə, eyni dövrdə Trampın təşəbbüslərinə investisiya yatıran bəzi investorlar da oxşar məbləğdə maliyyə itkisi ilə üzləşiblər.
