🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 01:33   •   🌡️ Bakı

Gözlə görünməyənlərin heykəli

Odlar.media xəbər verir ki, jurnalist Fəridə Aslanovanın qələmə aldığı düşüncələr insanın daxili aləmi, xəyalları və görünməyən həqiqətləri haqqında dərin fəlsəfi mülahizələrə yol açır.
Bu dəfə də dəyərli həmkarımız bizi təəccübləndirməyi bacarıb. Sosial şəbəkədə belə status paylaşıb.

“Mən çox vaxt gözlə görünən, əllə toxunulan bu maddi aləmdən daha çox, düşüncələrimdə yaşayan xəyalların varlığına inanıram. Çünki insan bəzən ətrafında olanları deyil, daxilində yaşatdıqlarını daha həqiqi hesab edir. Mən də o görünməyən, amma ruhumun dərinliyində yaşayan duyğuları, xatirələri və təsəvvürləri bağrıma basıram.
Bəzən reallıqda mövcud olmayan, yaxud başqalarının görə bilmədiyi varlıqlar mənim daxili dünyamda canlı şəkildə yaşayır. Elə olur ki, qatarda və ya avtobusda yol gedərkən gözlərimi bir nöqtəyə zilləyib uzun müddət baxıram. Həmin nöqtə kimsə üçün pəncərədəki kiçik bir ləkə, divardakı adi bir cizgi və ya mənasız bir boşluq ola bilər. Amma mənim üçün həmin an o nöqtənin arxasında bütöv bir həyat açılır. Orada insanların taleləri, danışılmamış hekayələr, unudulmuş xatirələr və yaşanmamış arzular səhifə-səhifə canlanır.
Bu dünyada əmin olduğum həqiqətlərdən biri də budur ki, insanlar göründükləri kimi deyillər. Nə qədər çox danışsalar da, onların daxilində heç vaxt dilə gətirilməyən milyonlarla söz, ifadə olunmayan hisslər və açılmayan sirlər yaşayır. İnsan bəzən susduqları ilə danışdıqlarından daha çox şey söyləyir. Hər bir insanın qəlbində yalnız özünün bildiyi bir dünya var və həmin dünya çox vaxt görünən gerçəklikdən daha böyükdür.
Məhz buna görə də, italyan rəssamının haşiyəyə aldığı boşluqda mən bir heykəl görürəm. O heykəl mənim özüməm. Mənim qorxularım, arzularım, peşmanlıqlarım, qələbələrim və məğlubiyyətlərim həmin görünməz heykəlin içində əks olunur. Əgər sən də diqqətlə baxsan, bəlkə özünü görəcəksən. Bütün qüsurların, bütün üstünlüklərin, gizlətdiyin hisslərin və etiraf edə bilmədiyin düşüncələrinlə birlikdə.
Bəs bu heykəlin mənası nədir? O, bizə xatırladır ki, hər şey insanın özündən başlayır. Həyatın, hadisələrin, insanların və hətta həqiqətin özü belə hər fərdin baxış bucağına görə dəyişir. Eyni mənzərəyə baxan iki insan tamamilə fərqli dünyalar görə bilər. Çünki insan yalnız gözləri ilə deyil, həm də xatirələri, duyğuları və yaşadıqları ilə görür.
Əslində, gözlə görülməyən, əllə toxunulmayan xatirələr və duyğular bəşərin yaratdığı ən uca heykəllərdir. Onlar nə daşdan yonulur, nə də zamanın təsiri ilə aşınır. Onlar insan ruhunda yaşayır, böyüyür və hər dəfə xatırlandıqca yenidən doğulur.
Bəlkə də həyatın ən böyük sirri də elə bundadır: hər birimiz öz görünməz heykəlimizi daşıyırıq. Və sual hələ də açıq qalır:
Bəs sən o kvadratın içində nə gördün?”

Mənbə: Odlar.media