Odlar.media xəbər verir ki, İran İslam Şurası Məclisinin sədri Məhəmməd Bager Qalibaf İranın raket proqramı və hücum xarakterli hərbi imkanları ilə bağlı ABŞ-la hər hansı müzakirə aparmaq niyyətində olmadığını bəyan edib.
Qalibaf bildirib ki, İranın müdafiə potensialı və raket proqramı Tehran üçün müzakirə predmeti deyil və bu mövqe dəyişməz olaraq qalır.
Parlament sədrinin sözlərinə görə, İran ABŞ ilə aparılan danışıqlarda Vaşinqtonun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ehtimalını da nəzərə alır.
“Biz vədlərinə əməl etməyən tərəflə danışıqlar aparırıq”, – deyə Qalibaf vurğulayıb.
O əlavə edib ki, İran tərəfi ABŞ-la təmaslarda ehtiyatlı mövqe nümayiş etdirir və əvvəlki təcrübələr Vaşinqtona olan etimadın məhdud olmasına səbəb olub.
