Odlar.media xəbər verir ki, Azərbaycan vətəndaşlarının ölkədaxili turizmə marağı artmaqda davam edir. Bu barədə Dövlət Statistika Komitəsinin “Azərbaycanda turizm – 2026” statistik məcmuəsində məlumat verilib.
Məlumata görə, 2025-ci ildə ölkə vətəndaşlarına daxili səyahətlər üçün ümumilikdə 8 min 483 turizm paketi satılıb. Bu göstərici 2024-cü ildə 6 min 841, 2023-cü ildə isə 5 min 399 təşkil edib. Beləliklə, son iki ildə ölkədaxili turizm paketlərinin satışında davamlı artım tendensiyası müşahidə olunub.
Hesabatda qeyd olunub ki, ölkədaxili turizm paketlərinin ümumi dəyəri də artaraq 2025-ci ildə 2 milyon 751 min manata çatıb. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2024-cü ildə 2 milyon 404,7 min manat, 2023-cü ildə isə 2 milyon 98 min manat olub.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ildə turagent və turoperatorlar tərəfindən ümumilikdə 86 min 147 turizm paketi satılıb. Satılan paketlərin əksəriyyəti xarici səfərləri əhatə etsə də, statistik göstəricilər ölkədaxili turizmə marağın ildən-ilə artdığını nümayiş etdirir.
Ekspertlər hesab edirlər ki, daxili turizmə marağın artmasında ölkənin turizm infrastrukturunun inkişafı, regionlarda yeni turizm obyektlərinin istifadəyə verilməsi və vətəndaşların ölkədaxili səyahətlərə üstünlük verməsi mühüm rol oynayır.
