Odlar.media xəbər verir ki, Ermənistanlı politoloq Armine Marqaryan Azərbaycan və Ermənistan arasında sülhün möhkəmlənməsi fonunda gələcəkdə qarşılıqlı səfərlərin mümkün ola biləcəyini bildirib.
Ekspertin sözlərinə görə, Ermənistanın radikal-revanşist müxalifəti son seçkilər öncəsi sülh prosesi ilə bağlı təxribat xarakterli və manipulyativ təbliğat aparsa da, bununla cəmiyyətin dəstəyini qazana bilməyib.
“Ümid edirik ki, elə bir gün gələcək, azərbaycanlılar bizim ölkəmizə gələcək, biz də onların ölkəsinə gedəcəyik. Lakin bu, yaxın zamanda baş verməyəcək, bunun üçün müəyyən zamana ehtiyac var”, – deyə Armine Marqaryan vurğulayıb.
Politoloq əlavə edib ki, regionda sülh prosesi artıq konkret və hiss olunan reallığa çevrilməkdədir.
Armine Marqaryan çıxışında Rusiya-Ermənistan münasibətlərindəki gərginliyə də toxunub. O bildirib ki, Moskvanın İrəvana qarşı sərt bəyanat və təzyiq siyasəti əvvəlki təsir gücünü itirib.
“Rusiyada anlayırlar ki, Ermənistan onlarla münasibətləri tamamilə kəsmək niyyətində deyil. Buna görə də məsələni başqa müstəviyə yönəldirlər. Rusiya Ermənistanı seçim qarşısında qoyaraq təzyiq imkanlarını məhdudlaşdırmağa çalışsa da, İrəvan bu vəziyyətdən daha sərfəli şəkildə çıxmağı bacarır. Moskvada nə deyilməsindən asılı olmayaraq, biz artıq KTMT ilə bütün əlaqələri kəsmişik. Bu gün Ermənistanın təşkilatdan çıxarılması da vəziyyəti dəyişməyəcək”, – deyə erməni politoloq qeyd edib.
