Odlar.media xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 21 iyun 2026-cı il tarixində keçirilmiş ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə müxtəlif növ təkrar imtahanların nəticələri açıqlanıb.
DİM-dən verilən məlumata görə, abituriyentlər imtahan nəticələrini Mərkəzin elektron xidmətlər portalı vasitəsilə, şagirdlər isə onlar üçün nəzərdə tutulmuş xüsusi bölmədən öyrənə bilərlər.
Bildirilib ki, abituriyentlər və şagirdlər imtahan nəticələri barədə məlumatı mobil operatorlar (Azercell, Bakcell və Nar) vasitəsilə də əldə edə bilərlər. Bunun üçün imtahana buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərmək kifayətdir.
Məlumata əsasən, sözügedən imtahanlarda ümumilikdə 320 nəfər iştirak edib.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması məqsədilə DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya müraciəti etmək istəyən şəxslər iyulun 1-i saat 10:00-dan iyulun 3-ü saat 17:00-dək DİM-in rəsmi internet saytında yerləşdiriləcək elektron ərizə formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Qeyd olunub ki, müəyyən edilmiş müddətdə qeydiyyatdan keçməyən şəxslər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə etiraz edilən tapşırığın nömrəsi, müraciətin məzmunu və qiymətləndirmə meyarının hansı bəndinə uyğun hesab edildiyi mütləq göstərilməlidir. Müraciətin məzmunu qeyd edilməyən ərizələr qəbul olunmayacaq və araşdırılmayacaq.
Apellyasiya prosesi çərçivəsində müraciət olunan bütün işlər araşdırılacaq, ekspert rəyləri yazılı şəkildə ərizələrə əlavə ediləcək və proses başa çatdıqdan sonra müraciət edən şəxslərə SMS bildirişi göndəriləcək. Bundan sonra abituriyent və şagirdlər apelyasiya portalına daxil olaraq nəticələrlə tanış ola və ekspert rəylərini çap edə biləcəklər.
DİM həmçinin diqqətə çatdırıb ki, cavab vərəqində təlimatlara uyğun olmayan formada qeyd edilmiş cavablarla, o cümlədən optik oxuma zamanı səhv kimi qeydə alınan düzəlişlərlə bağlı müraciətlərə baxılmayacaq.
Qurum abituriyent və şagirdlərə Apellyasiya Komissiyasına müraciət etməzdən əvvəl öz nəticələri, cavab vərəqələrinin qrafik təsviri və açıq tipli tapşırıqlar üzrə qiymətləndirmə meyarları ilə tanış olmağı tövsiyə edib. Bildirilib ki, əvvəlki illərin təcrübəsinə əsasən, apellyasiya müraciətlərinin təxminən 15 faizi cavab verilməmiş və ya qiymətləndirmə meyarları ilə müqayisə aparılmadan təqdim edilmiş müraciətlərdən ibarət olub və bu tip müraciətlərə baxılmır.
