Odlar.media xəbər verir ki, Bakıda və Abşeron yarımadasında iyunun 27-dən 28-nə keçən gecə müşahidə olunan intensiv və bəzi ərazilərdə güclü yağışlardan sonra havalar istiləşəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, gecə saatlarında yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı qalır. Hazırda müşahidə olunan güclü şimal-qərb küləyinin isə axşam saatlarına doğru mülayimləşəcəyi proqnozlaşdırılır.
Sinoptiklərin məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə saatlarında 18-21 dərəcə isti, gündüz isə 23-27 dərəcə isti olacaq. Atmosfer təzyiqinin 759 mm civə sütunundan 762 mm civə sütununa qədər yüksələcəyi, nisbi rütubətin isə gecə 80-85 faiz, gündüz 55-60 faiz təşkil edəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında da bəzi ərazilərdə arabir yağış yağacağı və şimşək çaxacağı proqnozlaşdırılır. Ayrı-ayrı bölgələrdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi və bəzi yerlərdə yağıntıların güclənəcəyi ehtimal edilir. Bununla yanaşı, axşam saatlarından etibarən ölkənin əksər rayonlarında yağıntıların tədricən kəsiləcəyi bildirilir.
Məlumatda qeyd olunur ki, gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək, qərb küləyi isə ayrı-ayrı rayonlarda arabir güclənəcək.
Havanın temperaturunun rayonlarda gecə 16-20 dərəcə isti, gündüz 24-29 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 8-13 dərəcə isti, gündüz 15-20 dərəcə, bəzi yerlərdə isə 23-26 dərəcə isti olacağı gözlənilir.
