🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 01:33   •   🌡️ Bakı

Azərbaycanda həyat sığortası üzrə yığımlar 450 milyon manatı ötüb

Odlar.media xəbər verir ki, bu ilin yanvar-may aylarında Azərbaycanda həyat sığortası növləri üzrə 450,482 milyon manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz artım deməkdir.
Hesabat dövründə həyat sığortası növləri üzrə həyata keçirilən sığorta ödənişlərinin həcmi isə 40,3 faiz artaraq 288,111 milyon manata çatıb.
Beləliklə, cari ilin ilk beş ayında həyat sığortası bazarında toplanan hər 100 manat sığorta haqqının 64 manatı müştərilərə ödəniş şəklində geri qaytarılıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici 49,2 manat təşkil edib.
Xatırladaq ki, 2026-cı ilin yanvar-may aylarında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti tərəfindən ümumilikdə 732,633 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,85 faiz çoxdur.
Eyni zamanda, hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlərin ümumi məbləği 409,636 milyon manat olub ki, bu da illik müqayisədə 30,1 faiz artım deməkdir.
Nəticədə, cari ilin ilk beş ayında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 55,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə isə bu göstərici 43,8 manat təşkil etmişdi.