Odlar.media xəbər verir ki, közlənmiş badımcan, pomidor, sarımsaq və pendirin harmoniyasından hazırlanan kiftəli badımcan əzməsi həm məzə, həm də əsas yemək kimi süfrələrə fərqli dad qatır.
Lazım olan ərzaqlar
Kiftə üçün:
250 qram orta yağlı dana qiyməsi;
1 xörək qaşığı suxarı;
1 çay qaşığı duz;
yarım çay qaşığı qara istiot;
1 çay qaşığı üyüdülmüş qırmızı bibər;
2-3 budaq xırda doğranmış cəfəri.
Badımcan əzməsi üçün:
2 ədəd orta ölçülü badımcan;
2 ədəd pomidor;
5-6 diş sarımsaq;
4-5 xörək qaşığı zeytun yağı;
1 çay qaşığı duz;
yarım stəkan (100 ml) isti su;
1 çay qaşığı bibər pastası;
yarım stəkan rəndələnmiş təzə kaşar pendiri;
3-4 budaq xırda doğranmış cəfəri.
Hazırlanma qaydası
Əvvəlcə kiftə üçün nəzərdə tutulan bütün ərzaqları bir qabda yaxşıca qarışdırın və kiçik ölçülü yumru kiftələr hazırlayın.
Badımcanların qabığını zolaqlı şəkildə soyun, uzununa iki hissəyə bölün və daha sonra hər hissəni iki yerə kəsərək tavaya düzün. Pomidorları ikiyə bölüb badımcanların yanına yerləşdirin. Soyulmuş sarımsaqları əlavə edin, üzərinə zeytun yağı gəzdirin və duz səpin.
Tavanın qapağını örtərək tərəvəzləri zəif odda təxminən 30 dəqiqə bişirin. Əgər pomidorun suyu kifayət etməzsə, əlavə olaraq yarım stəkan isti su tökün.
Bişmiş badımcan və pomidorların qabığını soyduqdan sonra onları çəngəl və ya spatula ilə yaxşıca əzin. Qarışığı yenidən zəif oda qoyun, bibər pastasını əlavə edib qarışdırın. Daha sonra rəndələnmiş kaşar pendirini əlavə edərək əriməsinə qədər qarışdırın və ocaqdan götürün.
Hazırlanmış badımcan əzməsini servis boşqabına yayın. Kiftələri tavada və ya hava fritözündə (airfryer) qızardaraq əzmənin üzərinə düzün. Sonda üzərinə xırda doğranmış cəfəri səpərək süfrəyə təqdim edin.
Nuş olsun!
