🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:40   •   🌡️ Bakı

Təbiətin ən ayıq canlıları: Hansı heyvanlar ən az yatır?

Odlar.media xəbər verir ki, heyvanlar aləmində yuxu müddəti və forması növlər arasında ciddi fərqlənir. Bəzi canlılar günün böyük hissəsini yuxuda keçirsə də, digərləri həyatda qalmaq üçün minimum istirahətlə kifayətlənirlər.
Zürafələr
Zürafə ən az yatan məməlilər sırasında yer alır. Bəzi müşahidələrə görə, onlar gün ərzində cəmi 30 dəqiqəyə qədər yuxu ala bilirlər. Yuxuları qısa və fasiləli “mikro-yuxular” şəklində olur. Alimlər hesab edirlər ki, bu xüsusiyyət zürafələrin yırtıcılara qarşı daha ayıq qalmasına imkan yaradır.
Meduzalar
Meduzaların beyni olmasa da, elmi araşdırmalar onların istirahətə bənzər vəziyyətlər yaşadığını göstərir. Gecə saatlarında hərəkətləri və pulsasiya ritmləri azalır. Bu vəziyyət klassik yuxu hesab edilməsə də, orqanizmin dincəlmə forması kimi qiymətləndirilir.
Köpəkbalıqları
Köpəkbalığıların heç vaxt yatmadığı barədə fikir geniş yayılsa da, bu tam həqiqəti əks etdirmir. Bəzi növlər hərəkətdə olarkən nəfəs almağa davam edir, digərləri isə hərəkətsiz vəziyyətdə də oksigen qəbul edə bilir. Buna görə də onların istirahət mexanizmi növdən-növə dəyişir.
Fillər
Fillər gündə orta hesabla iki saat yatırlar. Xüsusilə vəhşi təbiətdə onlar qida axtarışı və köç zamanı uzun müddət oyaq qala bilirlər. Bu xüsusiyyət onların təbii mühitdə sağ qalmasına kömək edir.
Atlar
At ayaqüstə yüngül yuxuya gedə bilən heyvanlardandır. Bununla belə, tam bərpa olunmaq üçün müəyyən vaxtlarda uzanaraq dərin yuxuya ehtiyac duyurlar. Onlarda dərin yuxu mərhələsi digər bir çox heyvanlarla müqayisədə daha qısa davam edir.
Mütəxəssislər bildirirlər ki, heyvanların yuxu rejimi onların yaşayış mühiti, qidalanma tərzi və təhlükələrdən qorunma strategiyaları ilə birbaşa əlaqəlidir. Bu fərqlər təbiətin canlıları müxtəlif şəraitlərə uyğunlaşdırmaq qabiliyyətinin maraqlı nümunələrindən biri hesab olunur.