Odlar.media xəbər verir ki, iyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovnin iştirakı ilə “Dostlug” neftdaşıyan tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib.
Məlumata görə, Azərbaycan tərəfindən Türkmənistana hədiyyə edilən “Dostlug” tankeri Bakı Gəmiqayırma Zavodunda inşa olunub. Tankerin ümumi uzunluğu 141 metr, eni 16,9 metr, suya oturumu isə 4,54 metrdir. Dedveyti 7875 ton olan gəmi ölkənin gəmiqayırma sənayesinin inkişafını nümayiş etdirməklə yanaşı, Azərbaycan–Türkmənistan münasibətlərində əməkdaşlığın dərinləşməsinə töhfə kimi qiymətləndirilir.
Bildirilib ki, Bakı Gəmiqayırma Zavodunda indiyədək 14 gəminin inşası və 170-dən çox gəminin təmiri həyata keçirilib. Hazırda zavodun sifariş portfelinə daxil olan 17 gəmidən 11-nin inşası davam edir, 6 gəmi isə layihələndirmə mərhələsindədir.
