Odlar.media xəbər verir ki, Azərbaycanda hərbi qulluqçuların əməkhaqqı sistemində ciddi dəyişikliklərin hazırlanması ilə bağlı iddialar yayılıb.
Məlumata görə, hazırda hərbçilərin maaşlarının hesablanma mexanizminin yenilənməsi istiqamətində iş aparılır. İddialara əsasən, yeni sistemdə əməkhaqqının müəyyən edilməsində əsas meyar vəzifə deyil, hərbi rütbə olacaq.
Bildirilib ki, dəyişiklik qüvvəyə minərsə, eyni rütbəyə malik hərbi qulluqçular arasında maaş fərqlərinin minimuma endirilməsi nəzərdə tutulur. Bununla yanaşı, xidmət zamanı əldə edilən rütbələrin maddi baxımdan daha çox əhəmiyyət daşıması gözlənilir.
Hazırkı sistemdə maaşın əsas hissəsi vəzifəyə uyğun formalaşır. Yeni yanaşmada isə rütbənin əsas rol oynayacağı iddia edilir.
Mənbələr həmçinin qeyd edir ki, xidmət əlavələri, staja görə ödənişlər və digər təminat mexanizmlərinin də yenidən nəzərdən keçirilməsi müzakirə oluna bilər.
