Odlar.media xəbər verir ki, zaman keçdikcə hətta keyfiyyətli ətçəkənlərdə də məhsuldarlığın azalması, ətin əzilərək çıxması, cihazın tez-tez tutulması və əlavə səs-küyün yaranması kimi problemlər müşahidə oluna bilər.
Mütəxəssislərin fikrincə, bu halların əsas səbəbi ətçəkənin bıçaqlarının və tor hissəsinin kütləşməsidir. Nəticədə cihaz ətin doğranması əvəzinə onu əzir və daha çox güc tələb edir.
Ətçəkənin bıçağının kütləşdiyini göstərən əlamətlər arasında ətin qeyri-bərabər çıxması, cihazın tez tutulması, işləmə zamanı xışıltı və səs artımı, eləcə də daha çox fiziki güc sərf olunması yer alır.
Mütəxəssislər bildirirlər ki, bu əlamətlərdən bir neçəsi müşahidə olunduqda bıçaqların itilənməsi zəruridir.
Evdə itiləmə prosesi üçün şüşə və ya keramik səth üzərinə yerləşdirilən zımpara kağızından istifadə etmək mümkündür. Bıçaq və tor hissəsi səth üzərində dairəvi və “səkkiz” formasında hərəkətlərlə sürtülərək bərabərləşdirilir.
Proses zamanı hissələrin tam oturmasına və səthin hamar olmasına diqqət yetirilməsi tövsiyə olunur. İş tamamlandıqdan sonra hissələr yuyularaq yenidən yığılır və cihaz sınaqdan keçirilir.
Mütəxəssislər qeyd edirlər ki, düzgün aparılan itiləmə ətçəkənin əvvəlki məhsuldarlığını bərpa edir və onun daha səmərəli işləməsinə şərait yaradır.
