Odlar.media xəbər verir ki, Rusiya cəbhəyə könüllü hərbçilərin cəlb edilməsi sistemində zəifləmənin müşahidə olunması fonunda yeni genişmiqyaslı səfərbərlik dalğasına getmək məcburiyyətində qala bilər.
Bu barədə məlumatı Axar.az “The Kyiv Independent” nəşrinə istinadən yayıb. The Kyiv Independent yazır ki, hazırkı model – əsasən müqaviləli hərbçilər və məhkumların cəlb edilməsi – artıq əvvəlki effektivliyini itirməyə başlayıb.
Məlumatda qeyd olunur ki, 2022-ci ilin sentyabrında elan edilən ilk “qismən səfərbərlik” dalğası Ukraynanın Xarkov istiqamətində əks-hücum əməliyyatından sonra həyata keçirilmiş və təxminən 300 min ehtiyat hərbçini əhatə etmişdi. Həmin qərar Rusiyada geniş ictimai narazılıq və kütləvi miqrasiya dalğası ilə müşayiət olunmuşdu.
Bildirilir ki, o vaxtdan bəri Rusiya hakimiyyəti yeni kütləvi çağırışdan yayınaraq əsasən könüllü müqaviləli hərbçilərə və alternativ cəlbetmə mexanizmlərinə üstünlük verib. Lakin hazırkı mərhələdə bu modelin zəiflədiyi iddia olunur.
Ukrayna kəşfiyyatının məlumatlarına istinadən qeyd edilir ki, 2026-cı ilin ilk rübündə təxminən 70,5 min yeni hərbçi müqavilə imzalayıb ki, bu da Rusiya Müdafiə Nazirliyinin planlarından aşağı göstərici kimi qiymətləndirilir.
Məqalədə həmçinin ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin – CSIS – hesabatına istinadən bildirilir ki, itkilərin artması Moskvanın əlavə canlı qüvvəyə ehtiyacını daha da artırır.
Analitiklərin fikrincə, Rusiya artıq tələbələrin hərbi xidmətə cəlbi, müəssisələr üzrə işə qəbul planlarında dəyişikliklər və inzibati yoxlamalar adı altında ehtiyatda olan şəxslərə çağırışların göndərilməsi kimi vasitələrdən daha aktiv istifadə etməyə başlayıb. Bu isə ölkədə hərbi resurslarla bağlı təzyiqin artdığını göstərir.
