🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 01:32   •   🌡️ Bakı

Xəstəliyimə

 

Hər xərçəng xəstəsi öləndə
göz-gözə gəlirik.
Gözləyirik
ilk kim çəkəcək gözlərini.

Mən öz işimə gedirəm,
sən öz işinə.
Mən can yığmağa,
sən can almağa.

Amma bilirəm,
yarı canım sənin yanındadır.

İyirmi ildə
bir dəfə də dostlaşa bilmədim səninlə.

Amma bir sən
Məni yarı yolda qoymadın.

– O da?..
Çiynini çəkirsən.
– Hə, o da. Həyatdır da.

Başımı tərpədirəm:
“Başa düşürəm səni”.

Əslində isə
başa düşmürəm.

Bir dəfə də
mən yalan deyim.
Nə olacaq?

 

P.S. Bu yalnız poetik düşüncə və bədii ifadə nümunəsidir. Xahiş edirəm, şəxsi hadisə kimi qəbul etməyin.

 

Müəllif: Günel Natiq

Mənbə: Odlar.media