🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 03:47   •   🌡️ Bakı

FHN-dən “Son zəng” tədbirləri ilə bağlı sürücülərə mühüm çağırış

Odlar.media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) “Son zəng” və məzun günü tədbirləri ilə əlaqədar olaraq avtomobil sürücülərinə müraciət edib.
Nazirlik bildirib ki, təhsil müəssisələrində və kütləvi tədbirlərin keçirildiyi ərazilərdə nəqliyyat sıxlığının artacağı, eləcə də nizamsız parklanma hallarının çoxala biləcəyi gözlənilir.
FHN-in müraciətində qeyd olunur ki, belə vəziyyətlərdə yanğınsöndürmə və xilasetmə avtomobilləri kimi xüsusi təyinatlı texnikaların hadisə yerlərinə vaxtında çatması çətinləşə bilər. Bu isə yanğın, qəza və digər fövqəladə halların nəticələrinin operativ aradan qaldırılmasına maneə yarada bilər.
Nazirlik sürücülərin xüsusilə tikililərin girişlərində, həyətyanı sahələrdə, avtomobil yollarının hərəkət hissələrində, yanğına qarşı su təchizatı sistemlərinə gedən yollarda və onların yaxınlığında nəqliyyat vasitələrini park etməməsinin vacibliyini vurğulayıb.
Müraciətdə sürücülərdən avtomobilləri yalnız nəzərdə tutulmuş yerlərdə, digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmadan və kifayət qədər ara məsafəsi saxlayaraq park etmələri xahiş olunur.
FHN həmçinin xatırladıb ki, operativ nəqliyyat vasitələrinə, o cümlədən yanğınsöndürmə və xilasetmə avtomobillərinə yol verməyən sürücülər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Belə hallar fövqəladə hadisə zamanı insanların həyatının xilas edilməsinə mane ola bilər.