Odlar.media xəbər verir ki, son dövrlərdə arıqlama məqsədilə istifadə edilən bəzi preparatların nəzarətsiz qəbulu ciddi sağlamlıq riskləri yarada bilər.
Mütəxəssislərin sözlərinə görə, semaqlutid tərkibli və oxşar təsirə malik dərmanlar əvvəlcə şəkərli diabet xəstələrinin müalicəsində istifadə olunsa da, hazırda piylənmə ilə mübarizədə də geniş tətbiq edilir. Lakin bu vasitələrin həkim məsləhəti olmadan istifadəsi təhlükəli nəticələrə səbəb ola bilər.
Həkim Dmitri Karpenko bildirib ki, bəzi pasiyentlərdə həzm sistemi ilə bağlı gizli problemlər ola bilər və bu dərmanlar mədə-bağırsaq fəaliyyətini yavaşladaraq həmin xəstəlikləri ağırlaşdıra bilər. Ən çox müşahidə olunan yan təsirlər arasında qəbizlik, ürəkbulanma və qarında narahatlıq hissi yer alır.
Mütəxəssis vurğulayıb ki, bu preparatlardan istifadə zamanı düzgün qidalanma və həkim nəzarəti vacibdir. Əks halda, ciddi fəsadların yaranma ehtimalı artır.
Həkimlər həmçinin xəbərdarlıq edirlər ki, narahatedici əlamətlər davam edərsə, vaxt itirmədən tibbi yardım alınmalıdır.
