🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:39   •   🌡️ Bakı

Şəkərin azaldılması qan təzyiqini qısa müddətdə aşağı sala bilər

Odlar.media xəbər verir ki, qidalanmada şəkərin miqdarının azaldılması yüksək qan təzyiqinin aşağı düşməsinə müsbət təsir göstərə bilər.
Dietoloq İqor Strokovun sözlərinə görə, pomidor sousu və digər emal olunmuş qidalarda gizli şəkildə mövcud olan şəkər hipertoniyanın inkişaf riskini artıran amillərdən biridir.
Mütəxəssis bildirib ki, yüksək qan təzyiqi ürək tutması və insult kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Əksər hallarda aydın simptomlarla müşayiət olunmadığı üçün hipertoniya “səssiz qatil” kimi tanınır. Bununla belə, pəhrizdə sadə dəyişikliklər etməklə bu riskin azaldılması mümkündür.
Həkimlərin tövsiyəsinə əsasən, gündəlik qəbul edilən kalorinin yalnız 5 faizi sərbəst şəkərlərdən gəlməlidir ki, bu da təxminən 30 qram şəkərə bərabərdir. Halbuki bir çox şəkərli içkinin tərkibində təkcə bir qutuda 30 qramdan artıq şəkər mövcuddur.
İqor Strokov qeyd edib ki, aparılan araşdırmalar şəkər qəbulunun azaldılmasının cəmi 10 gün ərzində qan təzyiqinin aşağı düşməsinə səbəb ola biləcəyini göstərir.
Mövzu ilə bağlı aparılan tədqiqatda piylənmədən əziyyət çəkən 8–18 yaş aralığında 43 uşaq iştirak edib. İştirakçıların 27-si ispan, 16-sı isə afroamerikalı olub. Araşdırma zamanı müəyyən edilib ki, onların gündəlik qida rasionunda şəkərin payı 15 faizdən çoxdur.
Tədqiqatçılar uşaqlardan şəkər qəbulunu 10 faizə qədər azaltmağı tələb ediblər. Bununla yanaşı, iştirakçılara simit, makaron, çips və market pizzası kimi qidaları qəbul etməyə icazə verilib.
Doqquz günlük pəhriz proqramının sonunda alimlər şəkər qəbulunun azalmasının qan təzyiqi və xolesterol göstəricilərinin yaxşılaşmasına səbəb olduğunu müəyyən ediblər. Mütəxəssislər vurğulayırlar ki, həddindən artıq şəkər istehlakının əsas nəticələrindən biri çəki artımıdır və bu da yüksək qan təzyiqi üçün mühüm risk faktorlarından hesab olunur.