Limanda qaz kəməri zədələnib, bir neçə yaşayış məntəqəsində qaz verilişi dayandırılıbLimanda qaz kəməri zədələnib, bir neçə yaşayış məntəqəsində qaz verilişi dayandırılıb.
Odlar.media xəbər verir ki, bu gün saat 10:00 radələrində Lənkəran rayonunun Liman şəhərində aparılan qazıntı işləri zamanı diametri 225 millimetr olan orta təzyiqli yeraltı qaz kəməri zədələnib.
Bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Məlumata görə, hadisə Liman şəhərinin M. İbayev küçəsində qeydə alınıb. Qəza nəticəsində qaz sızması baş verib.
Bildirilib ki, qəzanın aradan qaldırılması və təhlükəsizlik tədbirlərinin təmin olunması məqsədilə Liman şəhəri, Nərimanabad qəsəbəsi, Balıqçılar və Üzümçülük yaşayış məntəqələrinin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.
Qeyd olunub ki, qəza-bərpa işləri başa çatdıqdan sonra abonentlərin qaz təchizatı mərhələli şəkildə bərpa ediləcək.
