Odlar.media xəbər verir ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner İranla aparılan danışıqlar çərçivəsində ABŞ-ın Tennessi ştatında yerləşən Oak Ridge Milli Laboratoriyasında məsləhətləşmələr keçiriblər.
Bu barədə məlumatı “Axios” yayıb. Bildirilir ki, görüş Vaşinqton–Tehran xəttində davam edən danışıqların həlledici mərhələyə yaxınlaşdığını göstərsə də, hələlik yekun razılaşmanın əldə olunacağı anlamına gəlmir.
Mənbələrin məlumatına görə, Oak Ridcdə keçirilən müzakirələrdə daha əvvəl Omanda İran tərəfi ilə aparılan danışıqlarda iştirak etmiş nüvə üzrə ekspertlər də yer alıblar. ABŞ rəsmiləri bu formatın əsas məqsədinin mümkün razılaşmanın texniki detallarını qiymətləndirmək olduğunu bildiriblər.
Qeyd olunub ki, tərəflər arasında dialoqun intensivləşməsi real nəticə ehtimalını artırsa da, prosesin hələ də mürəkkəb mərhələdə olduğu vurğulanır. ABŞ tərəfi danışıqların nəticəsi ilə bağlı ehtiyatlı optimizm nümayiş etdirir, lakin yekun qərarın hələ qəbul olunmadığını bildirir.
