🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:56   •   🌡️ Bakı

Akademik Akif Əlizadə Geologiya İnstitutunun rəhbəri vəzifəsindən azad edilib

Odlar.media xəbər verir ki, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Geologiya İnstitutunun baş direktoru, geologiya-mineralogiya elmləri doktoru, akademik Akif Əlizadə vəzifəsindən azad olunub.
Yenisabah.az-ın yaydığı məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb. Akif Əlizadənin yerinə Elçin Vəliyev təyin edilib.
Bildirilib ki, Elm və təhsil naziri Emin Əmrullayev tərəfindən iyunun 5-də imzalanan əmrlə Elçin Vəliyev Geologiya İnstitutunun direktor müavini vəzifəsinə təyin olunub. O, institutun direktoru səlahiyyətlərini müvəqqəti icra edəcək. Struktur dəyişikliklərindən sonra baş direktor vəzifəsi direktor postu ilə əvəz olunub.
Qeyd edək ki, Azərbaycanın görkəmli alimlərindən olan Akif Əlizadə 25 fevral 1934-cü ildə Bakı şəhərində anadan olub. O, 1976-cı ildən etibarən Geologiya İnstitutuna rəhbərlik edib və təxminən 50 il bu qurumun fəaliyyətinə başçılıq edib.
Akif Əlizadə 2013–2019-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyası-nın prezidenti vəzifəsində çalışıb. Həmin dövrdə də o, institutun rəhbəri postunu qoruyub saxlayıb.
Xatırladaq ki, Geologiya İnstitutu 1926-cı ildə yaradılıb. 2003-cü ildə Geologiya və Dərin Neft-Qaz Yataqlarının Problemləri institutlarının bazasında yenidən formalaşdırılıb. 2014-cü ildə Nazirlər Kabinetinin qərarı ilə qurumun adı Geologiya və Geofizika İnstitutu olaraq dəyişdirilib.
İlham Əliyev tərəfindən 28 iyul 2022-ci ildə imzalanan fərmanla Geologiya və Geofizika İnstitutu AMEA-nın tabeliyindən çıxarılaraq Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.
Prezidentin 4 aprel 2025-ci il tarixli sərəncamı ilə isə nazirliyin tabeliyindəki bir sıra elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması məqsədilə struktur islahatları həyata keçirilib. Həmin sənədə əsasən Geologiya və Geofizika İnstitutu ilə Neft və Qaz İnstitutunun bazasında yeni Geologiya İnstitutu yaradılıb. Birləşdirilmiş quruma rəhbərlik akademik Akif Əlizadəyə həvalə edilmişdi.