Odlar.media xəbər verir ki, bəzi qidalar ayrı-ayrılıqda sağlam hesab olunsa da, birlikdə qəbul edildikdə orqanizmdə vitamin və mineralların mənimsənilməsini çətinləşdirə, həzm sistemində narahatlıqlara səbəb ola bilər.
Mütəxəssislərin fikrincə, geniş yayılmış bəzi qida kombinasiyaları sağlam insanlar üçün ciddi təhlükə yaratmasa da, qida maddələrinin sorulmasına mənfi təsir göstərə bilər.
Balıq və yoqurt
Mütəxəssislər bildirirlər ki, xüsusilə təzəliyini itirmiş balıqda histamin səviyyəsi yüksəlir. Yoqurt və digər fermentləşdirilmiş süd məhsullarında da histamin olduğundan, bu qidaların birlikdə qəbulu bəzi insanlarda ürəkbulanma, dəri səpkiləri və digər həssaslıq reaksiyalarına səbəb ola bilər.
Qırmızı ət və ayran
Qırmızı ət dəmirlə zəngin qida məhsulu hesab olunur. Ayran və yoqurtda olan yüksək kalsium miqdarı isə dəmirin bağırsaqlardan sorulmasını azalda bilər. Nəticədə dəmirin mənimsənilməsi zəifləyir.
İspanaq və yoqurt
İspanağın tərkibindəki oksalat maddəsi yoqurtdakı kalsiumla birləşərək həm kalsiumun, həm də bəzi digər mineralların sorulmasına mane ola bilər. Bu səbəbdən mütəxəssislər ispanağın limonla birlikdə qəbulunu daha məqsədəuyğun hesab edirlər.
Yeməkdən dərhal sonra meyvə
Ağır yeməklərdən dərhal sonra meyvə yemək bəzi insanlarda köp, şişkinlik və həzm problemləri yarada bilər. Bunun səbəbi meyvələrin daha sürətli həzm olunması, ağır qidalarla birlikdə qəbul edildikdə isə mədədə daha uzun müddət qalmasıdır.
Mütəxəssislər vurğulayırlar ki, sadalanan qida kombinasiyaları əksər hallarda təhlükəli deyil. Lakin onların birlikdə qəbulu bəzi qida maddələrinin mənimsənilməsini azalda və həzm sistemində narahatlıq yarada bilər.
