🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 07:40   •   🌡️ Bakı

Lavrov: Ermənistan AİB və Avropa Birliyi arasında seçim etməlidir

Odlar.media xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın Avropa Birliyinə inteqrasiya prosesinin başlanması ilə bağlı qanun qəbul etməsindən sonra ölkənin qarşısında konkret seçim məsələsinin yarandığını bildirib.
Lavrovun sözlərinə görə, Ermənistan rəhbərliyi bu addımı atmaqla faktiki olaraq ölkənin gələcək xarici-iqtisadi istiqaməti ilə bağlı məsələni gündəmə gətirib və indi mümkün alternativlər barədə vətəndaşlara ətraflı məlumat verməlidir.
Nazir qeyd edib ki, Ermənistan hazırda Avrasiya İqtisadi Birliyi (AİB) ilə Avropa Birliyi (AB) arasında “ya biri, ya digəri” prinsipi əsasında seçim qarşısındadır.
Sergey Lavrov xatırladıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl ölkə vətəndaşlarına alternativlərin təqdim edilməsinin vacibliyini vurğulamış və yekun qərarın xalq tərəfindən verilməli olduğunu bildirmişdi.
“Əgər belə bir qanun qəbul olunubsa, deməli, məsələ artıq açıq şəkildə ortaya qoyulub. Bu halda verilən bəyanatlara uyğun davranmaq və vətəndaşlara müraciət etmək lazımdır”, – deyə Lavrov bildirib.
Qeyd edək ki, son dövrlərdə Ermənistanın Avropa strukturları ilə əməkdaşlığının genişlənməsi regionda və beynəlxalq siyasi dairələrdə müzakirə olunan əsas mövzulardan biri olaraq qalır.