Odlar.media xəbər verir ki, yaxın gələcəkdə Qarabağ bölgəsində su təchizatı və suvarma sistemlərinin yenidən qurulması istiqamətində genişmiqyaslı layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Hazırda mövcud hidrotexniki qurğularda təmir və bərpa işləri davam etdirilir.
Bu barədə “APA-Economics”ə açıqlamasında Qarabağ Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Müşfiq Adıgözəlov məlumat verib.
Onun sözlərinə görə, Füzuli şəhərinin su təminatında mühüm rol oynayan Xaçınçay su anbarı artıq bərpa olunub və istifadəyə hazır vəziyyətə gətirilib. Eyni zamanda şəhərlərdə yeni su təchizatı şəbəkələri qurulur, köçün həyata keçirildiyi kəndlərdə isə dövlət proqramlarına uyğun olaraq yaşayış məntəqələrinin su sistemləri yenidən inşa edilir və ya əsaslı şəkildə bərpa olunur.
Müşfiq Adıgözəlov bildirib ki, Zabuxçay su anbarı yenidən qurularaq istifadəyə verilib. Bundan başqa, Bərgüşad çayı üzərində yeni su anbarının tikintisi də planlaşdırılır.
İdarə rəisi qeyd edib ki, Qarabağda suvarma sahəsində əsas üstünlük müasir texnologiyalara verilir. Bölgədə əsasən pivot və damcı suvarma sistemləri tətbiq olunur. Açıq suvarma şəbəkələrinin istifadə olunduğu məhdud ərazilər isə mərhələli şəkildə müasir və qapalı sistemlərlə əvəz edilir.
