Şuşanın su təchizatı sistemi genişləndirilib – yeni magistral xətlər və anbarlar istifadədə
Odlar.media xəbər verir ki, Şuşa şəhərinin su təminatı Kiçik Kirs dağında və Zarıslı ərazisində yerləşən su mənbələri hesabına yeni magistral xətlər vasitəsilə gücləndirilib.
Məlumata görə, suyun şəhərə çatdırılması D325 mm diametrli 9.3 km uzunluğunda polad boru xətti və D225 mm diametrli 12 km uzunluğunda magistral su kəməri vasitəsilə həyata keçirilir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən bildirilib ki, Şuşa şəhərində 2 ədəd 400 m³-lük və 2 ədəd 1000 m³-lük su anbarları, ümumilikdə 34.5 km içməli su şəbəkəsi və 27.5 km kanalizasiya infrastrukturu istismar olunur. Bundan əlavə, sutəmizləyici qurğulardan biri yenidən qurularaq gündəlik 5000 m³ gücə çatdırılıb.
Qeyd olunub ki, tullantı suları dərələr vasitəsilə Daşaltı çayına yönləndirilir. Hazırda Şuşada bərpa olunan dövlət qurumları, təşkilatlar və məskunlaşma ərazilərində yaşayan sakinlər də daxil olmaqla 535 abonentə xidmət göstərilir.
“Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Şuşa şəhərinə 368 ailənin, Böyük Qaladərəsi kəndinə isə 14 ailənin köçürülməsi həyata keçirilib.
