Odlar.media xəbər verir ki, ABŞ ordusu ilə İslam İnqilabı Keşikçiləri Korpusu arasında Yaxın Şərqdə gərginlik yenidən yüksəlib.
Məlumata görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran tərəfindən buraxılan raket və pilotsuz uçuş aparatlarının ələ keçirildiyini və onların bir hissəsinin zərərsizləşdirildiyini açıqlayıb.
Bildirilib ki, ABŞ qüvvələri iyunun 2-də regionda İranın hücumlarına cavab olaraq bir neçə ballistik raketi və dronu vurub. Eyni zamanda Qeşm adasında yerləşən yerüstü idarəetmə mərkəzinə zərbələr endirildiyi qeyd olunub.
CENTCOM-un məlumatında İranın ümumilikdə beş raket atdığı, lakin onların heç birinin hədəfə çatmadığı, həmçinin üç PUA-nın məhv edildiyi vurğulanıb.
İran tərəfi isə cavab olaraq Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahı və regiondakı ABŞ hərbi bazalarına raket və dron hücumları həyata keçirdiyini bildirib. Həmçinin Hörmüz boğazı yaxınlığında bir neft tankerinə endirilən zərbəyə cavab olaraq ABŞ-a bağlı gəmilərə hücum edildiyi iddia olunur.
Öz növbəsində CENTCOM Küveytdə ABŞ qüvvələrinə yönələn dron hücumlarının qarşısının alındığını, bir neçə PUA-nın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu açıqlayıb. Bildirilib ki, hadisələr nəticəsində ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb.
