Odlar.media xəbər verir ki, Energetika Nazirliyinin Kollegiyası “İstilik təchizatı haqqında” qanuna uyğun olaraq “İstilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nı təsdiqləyib.
Müvafiq qərar energetika naziri Pərviz Şahbazov tərəfindən imzalanıb.
Yeni qaydalara əsasən, istilik qurğularının normal iş rejiminin pozulması nəticəsində yarana biləcək risklər nəzərə alınaraq onların texniki vəziyyətinin mütəmadi qiymətləndirilməsi təmin edilməlidir. Bununla yanaşı, qəzaların və digər fövqəladə halların qarşısının alınmasına yönəlmiş profilaktik tədbirlər hazırlanmalı və həyata keçirilməlidir.
Sənədə görə, aqressiv, tezalışan, yanar, partlayış təhlükəli və ya zərərli maddələrin daşındığı boru kəmərləri tam hermetik olmalıdır. Sızma ehtimalı olan hissələrdə mühafizə örtükləri quraşdırılmalı, zərurət yarandıqda isə mayenin təhlükəsiz istiqamətə yönləndirilməsi üçün xüsusi qurğular tətbiq edilməlidir.
Qaydalarda avadanlıq, armatur və cihazların mütəmadi yoxlanılması üçün onların əlçatan yerlərdə yerləşdirilməsi də tələb olunur. Həmçinin hər bir istilik qurğusu üçün təhlükəsiz hərəkət marşrutları və yanğın və ya qəza hallarında təxliyə planları hazırlanaraq işçi heyətə çatdırılmalıdır.
Yeni tələblərə əsasən, istilik qurğularının yerləşdiyi ərazilərdə və istehsalat binalarında həmin avadanlıqlara xidmət göstərməyən şəxslərin müşayiətsiz qalmasına yol verilməyəcək. İstehsalat obyektlərində giriş-çıxışlar, keçidlər və yollar daim işıqlandırılmalı, sərbəst saxlanılmalı və piyadaların, eləcə də nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilməlidir.
Qərarda qaz borularının altında emalatxana, sanitar-məişət və digər tikililərin quraşdırılmasının qadağan olunduğu da qeyd edilib. Bundan başqa, kamera və kanallarda təmizliyə riayət olunmalı, yığılan sular mütəmadi olaraq çəkilməli və keçidlərin bağlanmasına imkan verilməməlidir.
