🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:39   •   🌡️ Bakı

Diş fırçası ilə bağlı ən çox edilən səhv – Həkimdən vacib xəbərdarlıq

Odlar.media xəbər verir ki, mütəxəssislər diş fırçasının yanlış şəraitdə saxlanılmasının sağlamlıq üçün ciddi risklər yarada biləcəyi barədə xəbərdarlıq ediblər.

“Deia” nəşrinə müsahibə verən mütəxəssis Sebastyan Aryeta bildirib ki, diş fırçasının hamam otağında saxlanılması ən geniş yayılmış səhvlərdən biridir. Onun sözlərinə görə, yüksək rütubətli mühit bakteriya və digər mikroorqanizmlərin sürətlə çoxalması üçün əlverişli şərait yaradır.

Həkim qeyd edib ki, xüsusilə istifadə sonrası tam qurumayan diş fırçalarında mikrobların yayılma riski daha yüksək olur. Bundan əlavə, diş fırçasının hermetik, hava keçirməyən plastik qutularda saxlanılması da təhlükəlidir. Belə qapalı mühitdə rütubət uzun müddət qaldığından bakteriyaların çoxalması sürətlənir.

Mütəxəssis dişlər fırçalandıqdan sonra fırçanın məcun və qida qalıqlarından yaxşıca təmizlənməsini tövsiyə edib. O bildirib ki, suyun sərbəst axması üçün diş fırçası şaquli vəziyyətdə, baş hissəsi yuxarı olmaqla saxlanılmalıdır.

Sebastyan Aryeta diş fırçasının hər üç aydan bir dəyişdirilməsinin vacib olduğunu vurğulayıb. Həmçinin qrip, soyuqdəymə və digər infeksion xəstəliklərdən sonra da fırçanın yenisi ilə əvəz olunması məsləhət görülür.

Ekspert əlavə edib ki, dişləri fırçalayarkən həddindən artıq təzyiq göstərilməsi tüklərin daha tez aşınmasına və diş fırçasının istifadə müddətinin qısalmasına səbəb olur.