🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 04:04   •   🌡️ Bakı

Yuxusuzluğa qarşı təbii vasitə – Kəklikotu çayı faydaları ilə diqqət çəkir

Odlar.media xəbər verir ki, yuxusuzluq müasir dövrdə bir çox insanın qarşılaşdığı ciddi problemlərdən biri hesab olunur. Mütəxəssislər bildirirlər ki, bu problemin aradan qaldırılmasında bəzi təbii bitki çayları olduqca təsirlidir.
Məlumata görə, kəklikotu çayı yuxu problemləri ilə mübarizədə ən faydalı bitki çaylarından biri sayılır. Təkcə yuxusuzluğa deyil, ümumi sağlamlığa da müsbət təsir göstərən bu çay qədim dövrlərdən həm qida, həm də müalicə məqsədilə istifadə olunur.
Kəklikotu bitkisinin yarpaqlarından hazırlanan çay güclü antioksidan xüsusiyyətlərə malikdir. Bu xüsusiyyət sayəsində orqanizmi toksinlərdən təmizləyir, immunitet sistemini gücləndirir və müxtəlif infeksiyalara qarşı qoruyucu təsir göstərir. Xüsusilə soyuqdəymə və qrip zamanı faydalı hesab olunan kəklikotu çayının pandemiyadan sonra istifadəsi daha da artıb.
Mütəxəssislərin sözlərinə görə, yatmazdan əvvəl içilən kəklikotu çayı yuxuya getməyi asanlaşdırır, daha rahat və dərin yuxu təmin edir.
Bundan başqa, kəklikotu çayının bir sıra digər faydaları da var:
İltihab və infeksiyaların qarşısını almağa kömək edir;
Eqzema, sızanaq və göbələk kimi dəri problemlərini yüngülləşdirir;
Həzmi yaxşılaşdırır, mədə və bağırsaq sağlamlığını qoruyur;
Öskürək, boğaz ağrısı və burun axıntısı kimi soyuqdəymə əlamətlərini azaldır;
Saç köklərini qidalandıraraq saç tökülməsinin qarşısını almağa yardım edir;
Maddələr mübadiləsini sürətləndirərək yağ yandırılmasını dəstəkləyir;
Bronxit, astma və allergiya kimi tənəffüs yolu xəstəliklərində faydalı təsir göstərir;
Orqanizmi zərərli mikroblardan təmizləyir və infeksiyalara qarşı müdafiəni gücləndirir.
Mütəxəssislər qeyd edirlər ki, bitki çaylarından istifadə zamanı normaya riayət olunmalı və ciddi sağlamlıq problemi olan şəxslər həkim məsləhəti almalıdırlar.