Azərbaycan.media xəbər verir ki, Türk Dövlətləri Təşkilatı siyasi, iqtisadi və geosiyasi baxımdan yeni güc mərkəzinə çevrilmək istiqamətində mühüm mərhələyə qədəm qoyur. Qazaxıstanın qədim Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündəki çıxışında Türk dünyasının gələcək inkişaf istiqamətləri ilə bağlı mühüm mesajlar verib. Dövlət başçısının “Ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir” fikri çıxışın əsas strateji xəttini təşkil edib.
Prezident çıxışında Türk Dövlətləri Təşkilatının artıq formal əməkdaşlıq platformasından çıxaraq praktik və strateji əməkdaşlıq modelinə keçdiyini vurğulayıb. Xüsusilə rəqəmsal inkişaf, süni intellekt, nəqliyyat dəhlizləri və kommunikasiya layihələri ilə bağlı səsləndirilən fikirlər türk dövlətlərinin gələcəyin çağırışlarına birlikdə cavab vermək niyyətində olduğunu göstərib.
Dövlət başçısı bildirib ki, dünya sürətlə dəyişir və texnologiyalar yeni güc balansı formalaşdırır. Bu baxımdan Azərbaycan rəqəmsal transformasiya və süni intellekt sahəsində təşəbbüskar ölkələrdən biri kimi çıxış edir. Milli Süni İntellekt Mərkəzinin yaradılması, Süni İntellekt Strategiyasının qəbul olunması və rəqəmsal suverenliyin gücləndirilməsi istiqamətində atılan addımlar ölkənin uzunmüddətli strateji baxışını ortaya qoyur.
Çıxışda Orta Dəhliz və Zəngəzur dəhlizi layihələri də xüsusi yer alıb. Prezident İlham Əliyev qeyd edib ki, reallaşmaqda olan Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək. Bu layihənin türk dövlətləri arasında iqtisadi və strateji əlaqələrin daha da güclənməsinə töhfə verəcəyi vurğulanıb.
Zirvə görüşündə birlik mesajları da diqqət çəkib. Prezidentin Şuşa ilə Türküstanın qardaşlaşmasını xüsusi vurğulaması ortaq tarix və mədəni bağların siyasi müstəvidə daha da möhkəmləndiyini nümayiş etdirib.
Qeyd olunub ki, Türk Dövlətləri Təşkilatı artıq regional əməkdaşlıq çərçivəsini aşaraq enerji, nəqliyyat, təhlükəsizlik, rəqəmsal inkişaf və iqtisadi inteqrasiya istiqamətlərində yeni mərhələyə qədəm qoyur. Azərbaycan isə bu prosesdə siyasi iradəsi və strateji təşəbbüsləri ilə aparıcı rol oynayır.
Məqalənin müəllifi Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimovadır.
Azərbaycan.media
