XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:08:04 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Adı böyük hərflərlə yazılası insan…- Fuad Biləsuvarlı yazır

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

/Bu gün böyük söz sahibi, dahi yazıçı, ədəbiyyatşünas, alim, Əməkdar İncəsənət Xadimi Mir Cəlal müəllimin anım günüdür. Ruhu şad olsun!\

Yaşadığımız həyat acılı-şirinli xatirələrlə doludur. Bu xatirələr heç zaman unudulmur, tez-tez xatırlanır.
Və nə yaxşı bu xatirələr var.
Bizə tanıdığımız və tanımadığımız adamları daha yaxından tanıdır.

Qarşımda nəfis tərtibatla çap olunmuş bir kitab var. Bu kitab böyük insan, görkəmli yazıçı və ədəbiyyatşünas, alim Mir Cəlal Paşayevin anadan olmasının  90 illiyinə həsr edilib.

Kitabın tərtibçisi və ön sözün müəllifi, filologiya elmləri doktoru, professor, xalqımızın görkəmli ziyalısı Teymur Əhmədovdur.

Çox maraqla oxunan bu kitab görkəmli alim, nasir və pedaqoq Mir Cəlalın həyat və yaradıcılığından bəhs edir. Burada onu yaxından tanıyanların xatirələrində müasir Azərbaycan ədəbiyyatının bünövrəsini qoyanlardan biri olan ədibin keçdiyi çətin və şərəfli ömür yolu əks etdirilir.

Tərtibçi hazırda haqq dünyasında olan professor Teymur Əhmədov ön sözdə haqlı olaraq yazır ki, “Mir Cəlal bütün şüurlu həyatı boyu yüksək vətəndaşlıq borcunu yerinə yetirərək milli mədəniyyətin, ictimai – ədəbi və pedaqoji fikrin inkişafı uğrunda fədakarlıq nümunəsi göstərmişdir…”

Ön sözün müəllifi qeyd edir ki, Mir Cəlal bədii yaradıcılığı ilə elmi, ədəbi-tənqidi yaradıcılığını qoşa davam etdirmiş, müəllim, elmi rəhbər olmuşdur. Onun yetirdiyi onlarla elmlər doktoru, professor ali məktəblərdə mühazirələr oxuyur, elmi-tədqiqat müəssisələrində çalışır.

Mir Cəlal Paşayev sözün həqiqi mənasında adı böyük hərflərlə yazılası insan idi. Alimliyi, görkəmli nasirliyi, pedaqoqluğu ilə yanaşı, bir insan kimi imkansızlara, çətinliyə düşənlərə arxa-dayaq olması, bacardığı qədər köməkliklər göstərməsi onu el gözündə daha da ucaltmışdı. Bu çoxsaylı xatirələrdə də geniş əks olunur.

Kitabda Mir Cəlal müəllimlə birgə çalışmış, onunla eyni dövrdə yaşamış, ondan həmişə sonsuz qayğı və diqqət görmüş ədib dostlarından, tələbələrindən Qılman İlkinin, Bəxtiyar Vahabzadənin, Balaş Azəroğlunun, Pənah Xəlilovun, Firudin Hüseynovun,  Nəriman Həsənzadənin, Qara Namazovun, İsa Hüseynovun, oğlu Hafiz Paşayevin… xatirələri xüsusi maraqla oxunur. Bu xatirələrin hər birində bu böyük şəxsiyyətin 70 illik ömrünün müəyyən anları  xatırlanır.

Xatirələrdəki onun yüksək insani keyfiyyətlərindən bəhs edən məqamlar böyük ədibimizi, görkəmli alimimizi bizə daha çox sevdirir.
Mir Cəlal müəllim zəngin bir həyat yaşamışdır.
Sıravi müəllimlikdən, görkəmli alimliyə, samballı roman və povestlərin müəllifliyinə qədər şərəfli bir yol keçmişdi.
Böyük bir dövrü əhatə edən bu illərdə görkəmli ədibin, ədəbiyyatşünas alimin silinməz izləri qalmışdı.

Bizim yaş dövrünün uşaqları onu “Bir gəncin manifesti” romanından sevmişdik. Əsərdə Sona arvadın söylədiyi “itə ataram, yada satmaram” ifadəsi dilimizin əzbəri olmuşdu.

Yazıçı Qılman İlkinin xatirələrində oxuyuruq:  “… Mir Cəlal yumuşaq və mülayim təbiətli bir adam idi. Astadan danışardı. Biz tələbələr bir dəfə də olsun onun qəzəbləndiyini və yaxud səsini ucaltdığını nə görmüşdük,  nə də eşitmişdik. O, məzə və yumoru çox sevirdi.
Bu təbiəti onun əsərlərində də hiss olunurdu.
O, bizə bir tələbə kimi deyil, yaxın dost, yoldaş kimi baxırdı…”

Bəli, belə idi Mir Cəlal müəllim.
Elə buna görə də onu  tanıyan hər bir insanın qəlbində özünə abidə qoymuşdu.

Bəxtiyar Vahabzadənin xatirələrindən:

“… İnsafın olsun” sözü Mir Cəlalın qarşısındakına etirazını bildirən ən ağır sözü, təkyə – kəlamı idi… 50 illik yubileyinə biz onun şəxsi maşınında yaradıcılıq gecəsi keçirmək üçün Gəncəyə gedirdik.

Maşını oğlu Hafiz sürürdü. Yol boyu şirin söhbət edirdik. O, başı söhbətə qarışdığından maşının hansı sürətlə getdiyinin fərqinə varmırdı. Hərdən ayılıb spidometrə baxır, Sürətin saatda 80 – 90 km-dən artıq olduğunu görüncə dərhal oğluna:

– “Hafiz, insafın olsun, – deyirdi…”

 

Xalq şairi Süleyman Rüstəm

​NASİR DOSTUMA

(Mir Cəlala ithaf olunur)

 

​Gəldin şair kimi bizim bu əsrə,
Gözəllərdən dedim, eldən danışdım.
Vəfasız! Nəhayət, bənd olub nəsrə
Şair cəbhəsindən astaca qaçdın.

​Birdən qaçdınsa da, uzaq olmadın,
Hər sözün, hər cümlən bir saz kimidi.
Yenə aramızda şairdir adın,
Çünki nəsrin elə şeir kimidir.

​Bizim zamanədə əlli yaş nədir,
Açıl, gül günəşli bir səhər kimi.
Hələ nə vaxtındır, yaxşı düşün bir,
İndi dil açan körpələr kimi.

​Sözlərin şip-şirin, duzlu, məzəli,
Ürəkdən güldürür oxuyanları.
Böyük məhəbbətlə çəkir irəli
Əmək cəbhəsində can qoyanları.

​Sadə ürəklərdə yandırıb çıraq,
Qazandın ellərin məhəbbətini.
Yaşa yüz il daha, unutma ancaq
Molla Nəsrəddinin vəsiyyətini.

​“Ədəbiyyat və incəsənət”, 10 may 1958

 

Xalq şairi Hüseyn Arif:

​MÜƏLLİMƏ – SƏNƏTKARA

(Yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 50 illiyi münasibətilə)

​”Əlli il uşaqlıq, əlli il gənclik,
Yüz əllidə orta yaşa dolaydım”.
Doğrudan, nə gözəl deyilib bu söz
Onu əzəl deyən kaş mən olaydım.

​Mən bağban olsaydım, əziz sənətkar,
Sənə öz bağımdan gül gətirərdim.
Loğman yaransaydım, şirin ömrünə
Neçə şirin-şirin il gətirərdim.

​Hər kəsə bəllidir elmin, sənətin,
Bu əziz günündə kim sevinməyir?!
O mənə dərs deyən müəllimlərin
Çoxu bu gün sənə müəllim deyir.

​Yaşar məhəbbətin neçə ürəkdə
Var olsun hörməti unutmayan kəs!
Kim açıb üzünə öz qapısını
Hörmətlə əlini sıxmaq istəməz?!

​Hər çiçək dəstəsi bir xoş arzudur,
Hər gülüş qoluna bir yeni qüvvət.
Düşüb nəğmələrə gəzsin elləri
Bu alqış, bu istək, bu səmimiyyət.

​Qüdrətim çatsaydı, gətirib bu dəm
Sənə bəxş edərdim bir göy çəməni.
Neyləyim, hədiyyəm kiçik şe’rdir,
Əziz müəllimim, bağışla məni.

​“Ədəbiyyat və incəsənət”, 10 may 1958

 

Xalq şairimiz Nəriman Həsənzadə ilə söhbətimiz zamanı o, ustadı Mir Cəlal haqqında duyğulu sözlər söylədi — hətta ona həsr etdiyi şeirlərini də unutmadı.

“Mir Cəlal Paşayev mənim sevimli müəllimim idi. Onun dərsləri, baxışları, sükutu belə öyrədici idi. Mən onun yanında sözün məsuliyyətini, ədəbiyyatın müqəddəsliyini hiss etdim. O, bizə təkcə yazmağı yox, düşünməyi, duymağı, yaşamağı öyrədirdi.”

 

Xalq şairi Nəriman Həsənzadə:

​BU ADƏT…

(Müəllimim Mir Cəlalın 60 illiyinə)

 

 

​Deyirlər,
Kamala yetdikcə insan
Şirin acı olur, acılar şirin.
Niyə könlün gözü doyur dünyadan,
Niyə gözün könlü ac qalır görən?
​Günə bir ümid var, aya, ilə bir…
Bəlkə buna görə əzizdir həyat.
Əvvəl
Arzularla qızınan qəlbi,
Sonra xatirələr üşüdür, heyhat!
Dərk edə bilmədim hələ bir şeyi,
bilmədim
dünyanın bu sirri nədir?
Bədən bərk olanda, qan olur beyin.
beyin bərkidikcə,
bədən kövrəlir.
​Bu gün tələbələr səndən danışır.
Atasan
Sevirlər bir ata kimi.
Fikrin sinif-sinif gəzib, dolaşır
ayağın bir pillə qalxana kimi.
​Bu adət
çoxuna gəlməsin asan,
böyüdün sadələr cərgəsində sən.
Oturub tərini soyutmamısan
Təriflər, təltiflər kölgəsində sən.
Sənin öz səsini
eşitdi aləm
Manifest söyləyən gəncin səsindən.
Dünyaya mən bir də baxmaq istərəm,
Sənin
gözlərinin pəncərəsindən.

​18 may 1968

 

Mir Cəlal misal çəkərdi

 

İş axtarma adam axtar,
Mir Cəlal misal çəkərdi.
Sonra bildim ustadımın,
Gözü niyə yol çəkərdi.

Tələbənin atasıydı,
Yerdə Tanrı sədasıydı.
“Zaçot” vaxtı qaydasıydı,
Soruşmamış qol çəkərdi.

Sayardı onu sayanda,
Hörmətə hörmət qoyanda.
Ürəyinə yatmayanda,
Əl verməzdi əl çəkərdi.

Gah xeyiri şər olardı,
Gah balı zəhər olardı.
Amma zəri zər olardı,
O zəhərdən bal çəkərdi.

“Hal-əhli” kef eləyəndə,
Özünü məhv eleyəndə.
Nəriman səhv eləyəndə,
Dərdi Mir Cəlal çəkərdi.

 

Tanınmış alim Əmirxan Xəlilov bir vaxt universitetdə ona dərs demiş müəllimi haqqında xatirəsini şeirlə, aşağıdakı misralarla tamamlayır:

 

Hər dəfə dərsində olduğumuz gün,
Şeir-qəzəl idi cah-cəlalımız.
Diqqət kəsilərdik, nə səs-səmir, ün,
Dürr-gövhər saçardı Mir Cəlalımız…

 

Gözü, ürəyi tox adam olub. Deyərmiş ki, mən ən yaxşı əsərlərimi İçərişəhərdə bir kiçik mənzilim vardı, orada yazmışam. Amma tanıdığı, dərs dediyi tələbələrinin sonradan münasib ev almalarına öz övladı qədər qayğı göstərərmiş.

Bu qiymətli topluda əvəzsiz xatirələrlə yanaşı, Mir Cəlal Paşayevin yaradıcılığından seçilmiş örnəklər də yer alıb. “Düzəlmədi”, “Şaftalı söhbəti”, “Təzə toyun nəzakət qaydaları” kimi satirik hekayələri bu gün də eyni maraqla oxunur, çünki bu əsərlər təkcə gülüş doğurmur — həm də cəmiyyətin dərin qatlarına işıq salır, insanın özünə güzgü tutur.

SÖZARDI: Sonda biz, oxucular, belə bir maraqlı və mənalı xatirələr toplusunu ərsəyə gətirdiklərinə görə tərtibçilərə dərin minnətdarlığımızı bildiririk. Bu cür toplular, yalnız bir ədibin deyil, bütöv bir dövrün ruhunu yaşadır. Böyük şəxsiyyətləri, görkəmli alimlərimizi, əsl ziyalılarımızı daha dərindən tanımaq, onların mənəvi irsini yaşatmaq üçün belə işlərə, belə fədakar ziyalılara həmişə ehtiyac duyulur.

Mir Cəlal Paşayevin adı yalnız ədəbiyyat tariximizdə deyil, həm də milli yaddaşımızda bir işıq kimi yaşayır. Onun irsi — həm yazdıqları, həm yetişdirdikləri — gələcək nəsillərə yol göstərən mənəvi mayakdır.

 

✦ Müəllif: Fuad Biləsuvarlı ✦
AYB və AJB üzvü • Prezident və Həsən bəy Zərdabi mükafatçısı
━━━━━━━━━━━━━━━━
Mənbə: Odlar.media
━━━━━━━━━━━━━━━━

Etiketlər: