Odlar.media xəbər verir ki, Prezident İlham Əliyev 6-cı Azərbaycan Beynəlxalq “Rebuild Garabagh” – Qarabağın Bərpası, Yenidənqurulması və İnkişafı sərgisinin iştirakçılarına müraciət ünvanlayıb.
Müraciətdə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, Böyük Qayıdış proqramı və regionun iqtisadi inkişafı ilə bağlı görülən işlər diqqətə çatdırılıb.
Prezident bildirib ki, indiyədək işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün dövlət büdcəsindən 25,5 milyard manat vəsait ayrılıb. 47 yaşayış məntəqəsinə 40 mindən çox insan qayıdıb, azad edilmiş ərazilərdə isə hazırda 100 minə yaxın insan yaşayır, təhsil alır və fəaliyyət göstərir.
Müraciətdə yol və dəmir yolu infrastrukturu, beynəlxalq hava limanları, enerji və su təminatı, sosial obyektlər, tarixi-mədəni abidələrin bərpası və ekoloji problemlərin aradan qaldırılması istiqamətində görülən işlər də qeyd olunub.
Dövlət başçısı vurğulayıb ki, növbəti mərhələdə əsas məqsəd özəl investisiyaları, daimi məşğulluğu və ixracyönümlü istehsalı genişləndirmək, Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatında yeni artım mərkəzi kimi mövqeyini gücləndirməkdir.
İlham Əliyev sərginin iştirakçılarına uğurlar və fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb.
Odlar.media