XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:50:37 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Cenevrədə “Sınıq stul” abidəsi qarşısında Azərbaycan QHT-sinin mina təhlükəsinə həsr olunan fotosərgisi açılıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Azərbaycanın “Gilavar” Foto Klubu İctimai Birliyi İsveçrənin Cenevrə şəhərində, BMT-nin Avropa ofisinin yerləşdiyi “Millətlər Sarayı” meydanında fotosərgi təşkil edib.
Fotosərgi silahlı zorakılığın bütün formalarından əziyyət çəkən insanların fəryadını simvolizə edən “Sınıq stul” abidəsinin qarşısında keçirilib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən bildirilib ki, ekspozisiyada Ermənistanın mina müharibəsindən zərər çəkmiş azərbaycanlıların həyat hekayələrini, mina partlayışlarının ağır nəticələrini əks etdirən sənədli fotoşəkillər nümayiş etdirilib.
Cenevrədə sərgi stendləri ilə tanış olan xarici izləyicilərə Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığı 30 il ərzində törədilmiş dağıntı və vandalizmin nəticələri, eləcə də işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri barədə fotomateriallar təqdim olunub.
“Gilavar” Foto Klubunun rəhbəri Rəşad Mehdiyev bildirib ki, sərgidə nümayiş etdirilən fotolar beynəlxalq ictimaiyyətin diqqətini mina probleminə yönəltməklə yanaşı, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində “minasız dünya” məqsədinin gündəmə gətirilməsi üçün çağırış xarakteri daşıyır.
Onun sözlərinə görə, dünyada milyonlarla insan hələ də mina təhlükəsi ilə üz-üzədir və Azərbaycan mina çirklənməsindən ən çox əziyyət çəkən ölkələr sırasındadır.
Sərgidə bildirilib ki, Azərbaycanın uzun illər işğal altında olmuş ərazilərində böyük həcmdə mina və digər partlayıcı sursat basdırılıb. Azad edilmiş ərazilərdə yaşayış məntəqələri, qəbiristanlıqlar və digər ərazilərlə yanaşı, bəzi kütləvi məzarlıqların ətrafında da minaların aşkar edilməsi problemin miqyasını göstərir.
Ekspozisiyanın ziyarətçilərinə Ermənistan tərəfindən minalanmış ərazilərə dair dəqiq məlumatların və mina xəritələrinin təqdim olunması məsələsinin də diqqətdə saxlanıldığı bildirilib. Azərbaycan tərəfinin mövqeyinə görə, təqdim edilən bəzi xəritələrin etibarlılığı ilə bağlı suallar mövcuddur və mina hadisələrinin bir qisminin həmin xəritələrdə göstərilməyən ərazilərdə baş verməsi problemin davam etdiyini göstərir.
Sərgidə qeyd olunub ki, 2020-ci ildə başa çatan 44 günlük müharibədən sonra da mina partlayışları Azərbaycanda insan tələfatı və xəsarətlərin əsas səbəblərindən biri olaraq qalır. Mina təhlükəsinin xüsusilə mülki əhali üçün ciddi risk yaratdığı vurğulanıb.
Tədbirdə həmçinin bildirilib ki, Ermənistanın işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan dövləti genişmiqyaslı bərpa və quruculuq layihələri həyata keçirir, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı təmin olunur. Bununla belə, mina təhlükəsi bu prosesə ciddi maneə yaradır, insanların həyat və sağlamlığı üçün risk təşkil edir.
Minalarla çirkləndirilmiş geniş ərazilərin ekologiyaya, ətraf mühitə və kənd təsərrüfatına da mənfi təsir göstərdiyi vurğulanıb.
Fotosərgi ilə tanış olan xarici ziyarətçilər Qarabağ və Şərqi Zəngəzurun yaxın gələcəkdə minalardan tam təmizlənərək təhlükəsiz bölgəyə çevrilməsi ilə bağlı arzularını ifadə ediblər.
“Gilavar” Foto Klubu Azərbaycan QHT Agentliyi ilə Qarabağ Dirçəliş Fondunun birgə elan etdiyi “Mina və partlamamış hərbi sursatlar probleminə dair təşəbbüslər” qrant müsabiqəsinin 2026-cı il üzrə qaliblərindən biridir.
Qeyd edək ki, Azərbaycan QHT-si “minasız dünya” təşəbbüsünün beynəlxalq səviyyədə təşviqi məqsədilə başlatdığı kampaniyanı digər Avropa ölkələrində də davam etdirməyi planlaşdırır.

Odlar.media

Etiketlər: