Odlar.media xəbər verir ki, Rusiyanın Amur vilayətində sentyabrın 29-da qəzaya uğrayan Tu-95MS strateji bombardmançı-raketdaşıyan təyyarəsinin göyərtəsində həlak olan səkkiz zabitin hamısının Rusiyanın strateji aviasiyası ilə əlaqəli olduğu bildirilir.
“Mediazona”nın yaydığı məlumata görə, həlak olan hərbçilərdən bəziləri Ukraynaya raket zərbələrinin təşkili və bu hücumların metodiki təminatında iştirak edib.
Hadisə Amur vilayətinin Krasnoyarovo kəndi yaxınlığında baş verib. Tu-95MS təyyarəsi “Ukrainka” aviabazasından təlim-məşq uçuşu həyata keçirərkən qəzaya uğrayıb.
Rusiya Müdafiə Nazirliyi hadisədən sonra açıqlama yayaraq təyyarənin sursatsız təlim-məşq uçuşu zamanı yaşayış məntəqələrindən kənarda qəzaya uğradığını və altı ekipaj üzvünün öldüyünü bildirmişdi.
Son məlumatlar isə təyyarənin göyərtəsində ümumilikdə səkkiz zabitin həlak olduğunu göstərir. Onların hərbi fəaliyyətləri və xüsusilə Ukraynaya qarşı raket zərbələrinin planlaşdırılmasında iştirakı ilə bağlı məlumatlar araşdırılır.
Odlar.media