Odlar.media xəbər verir ki, ləğv edilmiş Bakı Nəqliyyat Agentliyinin (BNA) vəzifəli şəxsləri Hikmət Vəlizadə və Vüqar Hüseynov barəsində çıxarılmış hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.
Qərara əsasən, hər iki şəxsə Amnistiya aktı tətbiq olunub və onların barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ləğv edilib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hikmət Vəlizadə və Vüqar Hüseynov hər biri iki il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdi.
Onlar məhkəmə zalından azadlığa buraxılmışdı. Daha sonra hökmdən verilən apellyasiya protesti təmin olunaraq cəzaları dəyişdirilmiş və hər iki şəxs məhkəmə zalında həbs edilmişdi.
Təqsirləndirilən şəxslər Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriblər. Ali Məhkəmə apellyasiya instansiyasının qərarını ləğv edərək onları həbsdən azad edib və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib.
İttihama əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq zamanı BNA-nın Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynovun həmin strukturun məsləhətçisi Hikmət Vəlizadə ilə əlbir olaraq 2023-cü ilin iyun-iyul aylarında Bakı şəhərində parklanma sahələrinin təşkili ilə bağlı müxtəlif şəxslərdən ümumilikdə 16 min 500 manat rüşvət aldığı müəyyən edilib.
İstintaq materiallarına görə, özəl klinikalar, restoranlar və digər obyektlərin qarşısında parklanmanın təşkili və yol hərəkətinin dəyişdirilməsi ilə bağlı qərarların qəbul edilməsi müqabilində BNA-nın vəzifəli şəxslərinə pul verilib.
İttihamda “Avrasiya Hospital”ın yerləşdiyi küçədə hərəkətin təşkilinin dəyişdirilməsi ilə bağlı da epizod yer alıb. Bildirilir ki, klinikanın rəhbərliyi ərazidə nəqliyyat sıxlığının azaldılmasını istəyib və bununla bağlı BNA-nın vəzifəli şəxslərinə rüşvət verilib. Bundan sonra həmin küçədə yol hərəkəti birtərəfli təşkil edilib.
Həmçinin “New Med” klinikasının qarşısında parklanmanın təşkilinə icazə verilməsi üçün 5 min manat alındığı, Nərimanov rayonundakı Əliyar Əliyev küçəsində yerləşən “Kuzə” restoranının rəhbərliyinin də obyektin qarşısında parklanmanın təşkili ilə bağlı rüşvət verdiyi iddia olunub.
Hikmət Vəlizadə və Vüqar Hüseynov isə ittihamları qəbul etməyiblər.
Onlara Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi 2015-ci il dekabrın 21-də Nazirlər Kabineti yanında yaradılıb. Agentlik 2022-ci il fevralın 7-də Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib.
2023-cü il aprelin 19-da BNA ləğv edilib və onun əmlakı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına keçirilib.
Odlar.media