XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:02:42 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

QARABAĞ – ŞUŞA [Hekayə]

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

 

 

Payızın soyuq nəfəsi şəhərin küçələrində dolaşırdı.
Bakı qəribə bir səssizliyə bürünmüşdü o günlərdə. İnsanlar danışırdı, amma gözləri başqa yerdəydi. Hamının qəlbi Qarabağda döyünürdü. Hər axşam küçələrdə maşın siqnalları eşidilir, binaların eyvanlarından bayraqlar asılırdı. Şəhərin üzərində görünməyən bir həyəcan vardı. İllərlə içində susan bir xalqın nəfəsi dəyişmişdi.
Küçədən keçən insanların üzlərində qəribə bir ifadə vardı. Kimsə telefonda cəld danışır, kimsə televizor ekranından ayrılmır, kimsə isə heç nə demədən göyə baxırdı. Sanki hamı eyni xəbəri gözləyirdi. Sanki şəhərin özü belə nəfəsini saxlamışdı.
Fuad gecələr yata bilmirdi.
Masasının üstündə qarışıq vərəqlər, yarımçıq cümlələr, silinmiş sözlər vardı. Masa lampasının sarımtıl işığında vərəqlər bir-birinin üstünə səpələnmişdi. Bəzilərinin kənarında tələsik yazılmış sözlər, bəzilərində isə bircə cümlə belə yox idi.
O, uzun illər idi yazırdı.
Yazmaq onun üçün sadəcə peşə deyildi. Bəzən gecənin yarısında ürəyindən keçən bir cümlə üçün yuxudan oyanır, həmin cümləni unutmamaq üçün qaranlıqda işığı yandırmadan belə dəftərinə yazırdı.
Amma bu dəfə başqa idi.
Çünki insan hər mövzu haqqında yaza bilərdi…
Yalnız Vətən ağrısından yazmaq çətin olur.
Fuad qələmi barmaqları arasında fırladıb uzun müddət boş vərəqə baxdı. Sonra pəncərəyə yaxınlaşdı.
Külək əsirdi.
Pəncərənin şüşəsinə toxunan yarpaqların xışıltısı gecənin sakitliyini daha da dərinləşdirirdi. Bakı işıqları uzaqlara qədər uzanırdı.
Birdən küçədən bir səs yüksəldi:
— Qarabağ Azərbaycandır!
Ardınca maşın siqnalları eşidildi.
Fuad yerindəcə donub qaldı.
Sanki bu səs küçədən yox, illərin o tayından gəlmişdi.
Onun qəlbinə qəribə bir kövrəklik doldu. Bir neçə saniyə sonra televizoru açdı.
Ekrandakı aparıcının səsi həyəcan içində titrəyirdi:
— Şuşa şəhəri işğaldan azad edildi!
Bir anlıq otaqda zaman dayandı.
Fuad televizora baxırdı, amma gözləri dolmuşdu.
O, artıq xəbəri eşitmirdi.
Çünki beynində illərin şəkilləri canlanırdı.
Dağıdılmış evlər…
Didərgin düşən insanlar…
Yarımçıq qalan uşaqlıq çağları…
Qocaların susaraq çəkdiyi həsrət…
Və bir də Şuşa…
Uşaq yaşlarından eşitdiyi, amma görmədiyi şəhər.
Muğamın nəfəsi olan şəhər.
Daş küçələri tarix danışan şəhər.
Azərbaycanın qəlbi…
Fuad divanın kənarında oturdu. Əllərini dizlərinin üstünə qoydu. Bir müddət başını aşağı saldı.
Sonra asta səslə öz-özünə dedi:
— Şuşa…
Bu bir söz idi.
Amma həmin gecə bu söz onun üçün bütöv bir dünya demək idi.
Fuad yavaş addımlarla yenidən pəncərəyə yaxınlaşdı.
Bakı gecəsinin işıqları göy üzünün sonsuzluğuna səpələnmiş, yuxuya getməyi bacarmayan ulduzlar kimi uzaqlarda göz qırpırdı.
O an ürəyində bir hiss doğuldu.
Elə bil kimsə daxilində pıçıldadı:
— Azad Şuşanın mahnısı yazılmalıdır…
Fuad geri qayıtdı.
Telefonunu əlinə aldı.
Bir neçə saniyə ekrana baxdı. Sonra bəstəkar Nadir Əzimovun nömrəsini yığdı.
Telefon bir neçə dəfə çaldı.
Nəhayət, qarşı tərəfdən yorğun, amma sevinc dolu bir səs eşidildi:
— Eşidirəm, Fuad…
Fuad bir neçə saniyə danışa bilmədi.
Sevincdən yaranan qəhər boğazında düyünlənmişdi.
Nadir müəllim sükutun o başında gözləyirdi.
— Alo? Fuad, eşidirsən?
Fuad gözlərini yumdu.
Sonra asta səslə dedi:
— Nadir müəllim…
— Eşidirəm.
— Şuşa qayıtdı…
Telefonun o başında dərin sükut yarandı.
Bəzən insanlar danışmırlar, çünki sözlər yaşadıqlarının yanında yetim qalır.
Nadir müəllim də bir müddət susdu.
Sonra səsi əvvəlkindən daha ciddi gəldi:
— Biz bu gün susa bilmərik…
Fuad pəncərədən bayıra baxdı.
— Mən də elə bunu düşünürdüm.
— Nə düşünürsən?
Fuad masanın üstündəki boş vərəqə baxdı.
— Şuşa üçün bir mahnı yazmaq istəyirəm.
Nadir müəllim dərindən nəfəs aldı.
— Onda yaz, Fuad. Amma unutma… Şuşaya adi sözlər yaraşmaz.
— Bilirəm.
— Orada həm kədər var, həm qürur. Həm itirdiklərimiz, həm də qazandığımız gün.
Fuad cavab vermədi.
Çünki bunu o da bilirdi.
Həmin gecə şəhər oyaq idi.
Hamı ayaq üstə idi.
Bakının küçələrində insanlar bayraqlarla gəzir, tanımadıqları adamlara sarılır, ağlayır, gülürdülər. Bir-birini tanımayan insanlar həmin gecə sanki çoxdan tanış idilər.
Bir kişi əlində bayraq dayanıb telefonla kiməsə deyirdi:
— Şuşa bizimdir!
Qarşı tərəfdən nə deyildiyi eşidilmirdi.
Kişinin gözləri doldu.
— Eşidirsən? Şuşa bizimdir!
Bir az aralıda balaca bir uşaq atasının əlindən tutmuşdu.
— Ata, biz Şuşaya gedəcəyik?
Atası uşağın başını sığalladı.
— Gedəcəyik, oğlum.
— Nə vaxt?
Ata bir anlıq susdu.
— Tezliklə.
Fuad bütün bunlardan xəbərsiz deyildi.
Amma o, həmin gecə küçəyə çıxmadı.
Masanın arxasında oturmuşdu.
Ağ vərəq qarşısında dayanmışdı.
Qələm əlində titrəyirdi.
İlk sözü yazmaq bəzən bütöv bir əsəri yazmaqdan çətin olur.
Fuad qələmi vərəqə yaxınlaşdırdı.
Bir söz yazdı.
Sonra dayandı.
Gözlərindən yaş süzüldü.
Çünki bu, sadəcə mahnı deyildi.
Bu, illərlə susan torpağın səsi idi.
Sözlər bir-bir doğulurdu.
Hər misra içindən qopurdu sanki.
Kəlmələr yazılmırdı — yaşayırdı.
Bir misranı yazır, oxuyur, sonra üstündən xətt çəkirdi.
Başqasını yazırdı.
Yenə silirdi.
Bəzən uzun müddət qələmi əlində saxlayıb gözlərini yumurdu.
Çünki onun qarşısında boş vərəq yox idi.
Qarşısında Qarabağ dayanmışdı.
Gecənin dərin saatlarında Nadir müəllimlə yenidən danışdılar.
— İşlər necə gedir? — Nadir müəllim soruşdu.
— Bilmirəm… Sözlər gəlir, amma heç biri mənə kifayət etmir.
— Çünki sən mahnı yazmırsan, Fuad.
— Bəs nə yazıram?
— Yaddaş yazırsan.
Bu söz Fuadı düşündürdü.
Telefonu masanın üstünə qoydu.
Bir qədər sonra yenidən qələmi əlinə aldı.
Artıq melodiyanın nəfəsi də hiss olunurdu.
Musiqi yaranırdı…
Şuşanın ruhuna uyğun bir musiqi.
Qürurlu.
Kədərli.
Məğrur.
Və qalib…
Ancaq həmin gecə işıqları sönməyən təkcə Bakı deyildi.
Min kilometrlərlə uzaqda, səngərlərdəki əsgərlər də səssizcə göyə baxırdı.
Daşların arasında oturmuş gənc bir əsgər cibindən köhnə şəkil çıxarmışdı.
Şəkildə balaca bir qız uşağı vardı.
Bacısı idi.
Şəklin kənarları artıq köhnəlmişdi. Əsgər barmağı ilə şəklin üzərindəki tozu sildi.
Aylarla onu görmürdü.
Şəkilə baxarkən qızın son dəfə ona dediyi sözləri xatırladı:
— Qayıdanda mənə Şuşadan nəsə gətirərsən?
Əsgər gülümsəmişdi o vaxt.
— Nə istəyirsən?
— Daş.
— Daş?
— Hə. Şuşanın daşı.
İndi o şəkilə baxaraq pıçıldadı:
— Gətirəcəyəm…
Əsgərin yanında oturan döyüşçü dostu onun nə düşündüyünü soruşmadı.
Sadəcə susdu.
Bir qədər sonra susqun gecənin pərdəsini aralayan pıçıltı ilə dilləndi:
— Bilirsən… atam həmişə deyirdi ki, bir gün Şuşada yenə Azərbaycan bayrağı dalğalanacaq.
Gənc əsgər gözlərini uzaqlara dikdi.
— Mən o günü görmək üçün döyüşdüm…
Dostu başını aşağı saldı.
Heç biri daha danışmadı.
Çünki həmin gecə onların əvəzinə külək danışırdı.
Cıdır düzündə külək cövlan edirdi.
Dağların nəfəsi dəyişmişdi.
Qarabağ artıq susmurdu.
Həmin gecə bir ana televizorun qarşısında əllərini üzünə tutub sevincdən, içində titrəyən fərəhdən hönkür-hönkür ağlayırdı.
Onun oğlu müharibədən qayıtmamışdı.
Şəhid olmuşdu.
Ekranda Şuşanın görüntüləri göstərilirdi.
Ana ekrana uzun müddət baxdı.
Sonra divardakı oğlunun şəklinə çevrildi.
Şəkildə oğlunun üzündə sakit bir təbəssüm vardı.
Ana ayağa qalxıb şəklin qarşısında dayandı.
Əlini çərçivəyə toxundurdu.
— Bala…
Səsi titrədi.
— Arzun yerinə yetdi…
Göz yaşları yanaqlarından süzülürdü.
Amma bu göz yaşında qürur vardı.
Çünki bəzi analar ağlayanda belə qalib görünürlər.
Ana şəklə baxaraq pıçıldadı:
— Sən görə bilmədin, amma mən gördüm, bala…
Bir müddət sonra televizordan yenə Şuşanın görüntüləri gəldi.
Ana gözlərini yumdu.
Sanki oğlunun səsini eşitdi.
Fuad isə bütün bunlardan xəbərsiz öz otağında yazırdı.
Amma yazdığı hər misrada bir əsgərin nəfəsini hiss edirdi.
Bir köçkünün həsrətini duyurdu.
Bir şəhid anasının səsini eşidirdi.
O gecə hər kəs öz dərdini yaşayırdı.
Fuad isə onların hamısının səsini bir mahnının içində birləşdirməyə çalışırdı.
Səhərə yaxın qələmi masanın üstünə qoydu.
Əlləri yorulmuşdu.
Gözləri yuxusuzluqdan ağırlaşmışdı.
Amma vərəq artıq əvvəlki kimi boş deyildi.
Fuad pəncərəyə yaxınlaşıb baxdı.
Gecənin qara pərdəsi üfüqdə asta-asta aralanırdı.
Dan yeri göy üzünün yanaqlarına qızılı bir rəng çəkirdi.
Sübh şəhərin üstünə səssiz addımlarla gəlirdi.
Şəhər yavaş-yavaş işığa qərq olurdu.
Fuad alnını pəncərənin soyuq şüşəsinə söykədi.
O isə ilk dəfə idi ki, uzun illərdən sonra içində qəribə bir rahatlıq hiss edirdi.
Sanki Qarabağın nəfəsi Bakıya çatmışdı.
Bir neçə gün sonra bəstəkar Nadir Əzimovla görüşdülər.
Studiyanın içində ağır bir sakitlik vardı.
Divarlarda köhnə notlar, musiqi alətləri, illərin xatirələri görünürdü.
Fuad içəri daxil olanda bir anlıq dayandı.
Nadir müəllim onu qarşıladı.
— Gəlmisən?
— Gəlmişəm.
— Sözlər yanındadır?
Fuad əlindəki qovluğu göstərdi.
— Buradadır.
Nadir müəllim qovluğu aldı.
Bir neçə səhifəyə baxdı.
Sonra pianonun arxasına keçdi.
Fuad kənarda dayanmışdı.
Nadir müəllimin barmaqları asta-asta dillərə toxundu.
İlk səslər otaqda yayılanda Fuad başını aşağı saldı.
Bu, adi melodiya deyildi.
Sanki Şuşanın küçələri danışırdı…
Sanki Cıdır düzündən külək gəlirdi…
Sanki Xan qızı Natəvanın İsa bulağından su səsi eşidilirdi…
Fuad gözlərini yumdu.
Melodiya yüksəldikcə otaqdakı hər kəs susurdu.
Heç kim bir söz demirdi.
Çünki bəzi musiqilər qulaq üçün yox, ürək üçün yazılır.
Nadir müəllim ifanı yarımçıq saxlayıb Fuada baxdı.
— Necədir?
Fuad bir müddət cavab vermədi.
— Sanki Şuşanı görürəm.
Nadir müəllim asta gülümsədi.
— Mən də elə bunu istəyirdim.
Sonra bir qədər susdu.
— Bu əsər tarix olacaq…
Fuad asta güldü.
— Yox…
Nadir müəllim qaşlarını qaldırdı.
— Niyə yox?
Fuad vərəqlərə baxdı.
— Bu əsər xalqın olacaq…
Nadir müəllim başını tərpətdi.
— Elə isə davam edək.
Mahnını kimin oxuyacağı barədə düşünəndə hamının ağlına eyni ad gəldi — Brilliant Dadaşova.
Çünki bu əsəri sadəcə oxumaq olmazdı.
Onu yaşamaq lazım idi.
Studiyada ilk ifa günü qəribə bir həyəcan vardı.
Brilliant xanım mikrofonun qarşısında dayanmışdı.
Fuad bir qədər arxada dayanıb ona baxırdı.
Nadir müəllim pultun qarşısında idi.
Bir neçə saniyəlik sükutdan sonra musiqi başladı.
İlk səslər studiyanın divarlarına yayıldı.
İlk misralar səslənəndə otaqda sanki zaman dayandı.
Brilliant xanımın səsində həm nisgil vardı, həm qürur…
Sanki illərlə həsrət çəkmiş bir xalq danışırdı.
Fuad başını aşağı saldı.
Bir anlıq gözlərini yumdu.
Mahnı davam edirdi.
O, yazdığı sözləri indi başqa bir səsdən eşidirdi.
Və həmin anda başa düşdü ki, bəzi sözlər müəllifin əlindən çıxandan sonra artıq yalnız ona məxsus olmur.
Onlar dinləyənlərin yaddaşına keçir.
Mahnı bitəndə heç kim dərhal danışmadı.
Sükut vardı.
Dərin və müqəddəs bir sükut…
Nadir müəllim pultun qarşısında hərəkətsiz dayanmışdı.
Brilliant xanım mikrofonun qarşısında susurdu.
Sonra studiyanın bir küncündə duran yaşlı səs rejissoru göz yaşlarını gizlətmədən dedi:
— Mən bu günü görəcəyimə inanmırdım…
Heç kim ona cavab vermədi.
Çünki bəzən bir cümləyə cavab vermək lazım olmur.
Həmin gün “Qarabağ-Şuşa” artıq mahnı olmaqdan çıxmışdı.
O, bir xalqın yaddaşına çevrilmişdi.
Əsər yayımlandığı gün ölkənin hər yerinə yayıldı.
Bakıda maşınlardan səsləndi.
Kənd evlərində radiolardan eşidildi.
Əsgərlər səngərlərdə qulaq asdı.
Şəhid anaları göz yaşları ilə dinlədi.
Köçkün qocalar əllərini göyə açıb dua etdi.
Qubadlıdan didərgin düşmüş yaşlı bir kişi mahnını dinləyərkən torpağı ovuclayıb ağladı.
Əlindəki torpaq barmaqlarının arasından yavaş-yavaş tökülürdü.
— Biz qayıdırıq…
— dedi.
Yanında oturan nəvəsi ona baxdı.
— Baba, sən orada yaşamısan?
Qoca başını qaldırdı.
— Yaşamışam, bala.
— Mən də gedəcəyəm?
Qoca nəvəsinin əlini tutdu.
— Gedəcəksən.
— Mən kəndimizi görməmişəm axı…
Qoca gülümsədi.
— Görəcəksən.
Uşaq gözlərini yumdu.
Heç vaxt görmədiyi kəndi xəyal etməyə başladı.
Bir ev təsəvvür etdi.
Bir həyət.
Bir ağac.
Bir yol.
Və uzaqda dağlar…
Çünki bir mahnı bəzən insanlara yol göstərir.
Günlər keçirdi.
Artıq insanlar Qarabağa qayıdışdan danışırdı.
Televiziyalarda Şuşanın görüntüləri göstərilirdi.
Dağıdılmış küçələr, güllə izləri, viran qalmış evlər…
Amma qəribə idi…
O xarabalıqların içində belə həyat görünürdü.
Çünki torpaq sahibini tanıyırdı.
Sanki uzun illərdən sonra qapısı açılan evlər öz sahibinin ayaq səslərini gözləyirdi.
Sanki dağlar illər boyu saxladıqları nəfəsi indi geri qaytarırdı.
Bir gün Fuad yenidən mahnını dinlədi.
Pəncərənin önündə dayanmışdı.
Artıq hava qaralırdı.
Gün şəhərin pəncərələrindən çəkilir, axşam isə küçələrin damarlarına səssiz-səssiz dolurdu.
Şəhərin üzərinə axşamın sakitliyi çökürdü.
Göydə son işıqlar yavaş-yavaş sönür, küçə lampaları bir-bir yanaraq gecənin gəlişini xəbər verirdi.
İnsanlar Şuşanın azadlığına görə günün yorğunluğunu arxada qoyub evlərinə tələsmirdilər.
Sanki heç kim həmin günü bitirmək istəmirdi.
Şuşa isə qalibiyyətin əzəmətli sükutuna bürünürdü.
Birdən uzaqdan yenə maşın siqnalları eşidildi.
Fuad pəncərədən küçəyə baxdı.
Bir uşaq küçədə bayraq yellədirdi.
Bayraq küləyin içində dalğalanırdı.
Fuad könüldən çox sevindi.
Üzündə sakit bir təbəssüm yarandı.
O an anladı ki, bəzi əsərlər yazılmır.
Onlar taledən doğulur.
“Qarabağ-Şuşa” da elə idi.
Bu əsər nə şöhrət üçün yaranmışdı, nə də alqış üçün.
Bu əsər bir xalqın ürəyindən doğmuşdu.
Fuad bir daha masanın üstünə qoyulmuş ilk vərəqlərə baxdı.
O vərəqlərdəki cümlələr artıq ona başqa cür görünürdü.
Bir vaxtlar boş olan səhifələr indi bir yolun başlanğıcını xatırladırdı.
İllər keçəcəkdi.
Yeni mahnılar yazılacaqdı.
Yeni səslər gələcəkdi.
Amma “Qarabağ-Şuşa” başqa qalacaqdı.
Çünki o mahnı notlardan yaranmamışdı.
O, Zəfərdən doğulmuşdu.
Və hər dəfə səslənəndə insanlar bir şeyi yenidən hiss edəcəkdi:
Şuşa artıq azaddır…
Fuad pəncərədən uzaqlaşdı.
Otaqda mahnının səsi hələ də eşidilirdi.
Gecə yenidən Bakının üzərinə enirdi.
Amma bu dəfə şəhərin nəfəsi başqa idi.
Çünki uzaqlarda bir şəhər azad olmuşdu.
Bir xalqın illərlə içində daşıdığı həsrət bir az yüngülləşmişdi.
Və Fuad bilirdi ki, yazdığı əsər artıq onun masasındakı vərəqlərə sığmır.
O, küçələrə çıxmışdı.
İnsanların yaddaşına köçmüşdü.
Əsgərlərin səngərinə çatmışdı.
Şəhid analarının göz yaşlarına qarışmışdı.
Köçkünlərin dualarında səslənmişdi.
Bir uşağın heç vaxt görmədiyi doğma kənd haqqında qurduğu xəyala çevrilmişdi.
Və bəlkə də ən böyük həqiqət elə bu idi:
Bəzi əsərlər müəllifindən ayrıldıqdan sonra öz həyatını yaşayır.
“Qarabağ-Şuşa” da artıq öz həyatını yaşayırdı.
Şuşanın küləyi kimi…
Cıdır düzünün nəfəsi kimi…
İsa bulağının suyu kimi…
Xarı bülbül gülü kimi…
Və hər dəfə səslənəndə bir həqiqəti xatırladırdı:
Şuşa bizimdir.
Qarabağ bizimdir.
Qarabağ Azərbaycandır.
Necə ki, Müzəffər Ali Baş Komandanımız demişdi:
“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

 

 

 

✦ Müəllif: Fuad Biləsuvarlı ✦
AYB və AJB üzvü • Prezident və Həsən bəy Zərdabi mükafatçısı
━━━━━━━━━━━━━━━━
Mənbə: Odlar.media
━━━━━━━━━━━━━━━━

Etiketlər: