Odlar.media xəbər verir ki, Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı Azərbaycanın iqtisadi inkişafında insan kapitalının və toplanmış təcrübənin mühüm rol oynadığını bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan böyük maliyyə resurslarına malik olmaqla istənilən müasir texnologiyanı əldə edə bilər. Lakin ölkənin uzunmüddətli və dayanıqlı inkişafında kadr potensialı və illər ərzində formalaşmış idarəçilik təcrübəsi əsas amillərdən biridir.
Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycanda savadlılıq səviyyəsinin 100 faizə yaxın olması, eləcə də təhsil sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər insan kapitalının inkişafına mühüm töhfə verir.
Dövlət başçısı həmçinin neft-qaz sektorunda əldə olunan uğurlu idarəçilik təcrübəsinə diqqət çəkib. Bildirib ki, hazırda ölkənin ümumi daxili məhsulunun 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür.
Prezident qeyd edib ki, ixrac strukturunda neft-qazın üstünlüyünün azaldılması istiqamətində də beynəlxalq tərəfdaşlarla əməkdaşlıq davam etdirilir.
Odlar.media