XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:51:54 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Xalq artisti Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

 

Odlar.media xəbər verir ki, Xalq artisti Alim Qasımov müğənni Üzeyir Mehdizadə ilə birlikdə ifa etdiyi “Nəyindən narahatsan” mahnısı barədə danışıb.

Xalq artisti “Kulis”ə müsahibəsində bildirib ki, mahnının həm sözləri, həm də musiqisi onun xoşuna gəlib və bu səbəbdən əsəri ifa edib.

“Üzeyir Mehdizadə bir mahnı var, musiqisini yazanda səni düşünmüşəm dedi. Əsas da mahnının sözləri ürəyimə yatdı”, – Alim Qasımov deyib.

Sənətçi duetə göstərilən reaksiyanın böyük olacağını əvvəlcədən təxmin etdiyini, lakin bu qədər diqqət çəkəcəyini gözləmədiyini vurğulayıb:

“Üzeyirlə duetimizin belə qarşılanacağı təxmin edirdim, amma bu qədər olacağını gözləmirdim. Ancaq bu da bir yenilikdir. Kim tənqid edir, özü bilər”.

Alim Qasımov Montrö festivalında iştirakından da söz açıb. O, festivalın yüksək səviyyədə və maraqlı keçdiyini qeyd edib:

“Çox yaxşı musiqiçilər, böyük orkestr və gözəl dirijorumuz var idi. Tamaşaçılar da çox bəyəndilər, çox enerjili tədbir oldu. Həm gözəl məkan idi, həm də həmin məkana uyğun gözəl bir konsertimiz alındı”.

Xalq artisti son vaxtlar televiziya proqramlarında əvvəlki kimi tez-tez görünməməsinin səbəblərinə də toxunub. O bildirib ki, musiqiçinin əməyinə lazımi qiymətin verilməsi vacibdir:

“Əvvəllər zəng olunan kimi gedirdim. Amma musiqiçi havası ilə dolanmır. Musiqiçi öz sənətini öyrənir, məşq edir, sonra ailəsini dolandırmaq üçün şərait olmayanda çox sönür”.

Qasımov televiziya çıxışlarının hazırlıq tələb etdiyini və bunun qarşılığının verilməli olduğunu deyib.

“Mənə görə musiqiçi çağırılırsa, onun əməyinə qiymət qoyulmalıdır. Sən musiqiçini çağırırsan, gedir, geyinir, kostyum geyinir, özünü hazırlayır, səsini və ya alətini məşq edir. Sonra deyirsən, gəl, çal-oxu, sağ ol, çıx get. O da bazara gedib bir kilo kartof almaq istəyir. Amma televiziya ona bir kartof qədər də qiymət qoymursa, niyə gedib orada çıxış etsin?”, – sənətçi vurğulayıb.

Xalq artisti bir müddət əvvəl rep ifaçısı ilə birgə hazırladığı layihəyə və bu işə yönələn tənqidlərə də münasibət bildirib. O, həmin əməkdaşlığın musiqiyə olan maraqdan yarandığını deyib:

“Mən bir dəfə çıxdım elə-belə oxudum. Sonra gördüm ki, hamı gəlib oynayır, şəkil çəkdirir. Mənə də söz verdilər. Həmin ritmi oxudum. Sonra rep ifaçısı mənə dedi ki, Alim müəllim, yaxşı bir fikir var məndə. Onu bir az düzəltdik, birlikdə oxuduq. Normal şeydir, musiqidir də”.

Alim Qasımov gələcəkdə də uyğun təkliflərə açıq olduğunu bildirib:

“Əlbəttə, edərəm. Yaxşı musiqidirsə, yaxşı təklifdirsə, mənim ürəyimə yatırsa, mənə elə gəlir ki, tamaşaçının da ürəyinə yatacaq. Birinci dəfə bəlkə bir az yatmaz, amma qulaq asdıqca alışacaq”.

Sənətçi yeni təklifləri və özünün də müəyyən ideyalarının olduğunu bildirib. Lakin hələlik bu barədə danışmağın tez olduğunu qeyd edib.

“İndi danışmağın yeri yoxdur. İnşallah, üzə çıxsa, tamaşaçı da, dinləyici də görəcək”, – Alim Qasımov əlavə edib.

 

Odlar.media

Etiketlər: