XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:25:08 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Millət vəkili Elnarə Akimova: “20 Sentyabr Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin rəmzidir”

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı fikirlərini saytımızla bölüşüb.
Elnarə Akimovanın sözlərinə görə, hər bir xalqın tarixində elə günlər var ki, bütöv bir milli mübarizənin, böyük itkilərin, tarixi iradənin və dövlətçilik əzminin rəmzinə çevrilir. Azərbaycan üçün 20 Sentyabr məhz belə əlamətdar tarixlərdəndir. Bu gün artıq yalnız 2023-cü ilin sentyabrında baş vermiş hadisələrin təqvimdəki ifadəsi deyil, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasının, ölkənin bütün ərazisində Konstitusiya quruluşunun və dövlət hakimiyyətinin təmin edilməsinin simvoludur.
Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi təsis edilməsi də məhz bu tarixi-siyasi reallığın ifadəsidir. Sərəncamda qeyd olunduğu kimi: “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir.”
Elnarə Akimova hesab edir ki, bu fikir 20 Sentyabrın mahiyyətini dəqiq ifadə edir. Çünki suverenlik yalnız dövlət sərhədlərinin mövcudluğu demək deyil. Suverenlik xalqın öz taleyini müəyyənləşdirmək, öz ərazisində ali hakimiyyəti həyata keçirmək, dövlət institutlarını sərbəst şəkildə formalaşdırmaq və gələcəyini özü müəyyən etmək hüququdur.
Deputat vurğulayıb ki, Azərbaycan xalqı bu hüququn təmin olunması naminə uzun illər ərzində ağır sınaqlardan keçib. Müstəqilliyin bərpasından sonra Azərbaycanın üzləşdiyi ən böyük faciələrdən biri Ermənistanın hərbi təcavüzü və ölkə ərazisinin bir hissəsinin uzun müddət işğal altında saxlanılması olub. İşğal nəticəsində yüz minlərlə azərbaycanlı doğma yurdlarından didərgin düşüb, şəhər və kəndlər dağıdılıb, Azərbaycanın tarixi, mədəni və dini irsinə ciddi ziyan vurulub. Xocalıda törədilmiş qətliam isə xalqımızın yaddaşında ən ağır faciələrdən biri kimi qalıb.
Millət vəkili qeyd edib ki, bütün bu illər ərzində Azərbaycanın ərazi bütövlüyü məsələsi beynəlxalq hüququn gündəliyində olub. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması tələb edilsə də, həmin qətnamələr uzun müddət icra olunmayıb. Azərbaycan isə ərazi bütövlüyünün bərpasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qoruyub saxlayıb. Təxminən 30 il davam edən danışıqlar prosesinin nəticəsiz qalması və Ermənistanın mövcud status-kvonu qorumağa yönəlmiş mövqeyi problemin həllini daha da mürəkkəbləşdirib.
Elnarə Akimova xatırladıb ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcı oldu. 44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu bir sıra əraziləri işğaldan azad etdi. Şuşanın azad olunması hərbi-siyasi baxımdan müharibənin həlledici hadisələrindən biri oldu. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarıldı. Beləliklə, 30 ilə yaxın davam edən işğalın böyük hissəsinə son qoyuldu.
Deputatın sözlərinə görə, 2020-ci il Zəfərindən sonra da Azərbaycanın qarşısında mühüm vəzifə qalırdı: dövlət suverenliyinin ölkənin bütün ərazisində tam təmin edilməsi. Bu istiqamətdə atılan mühüm addımlardan biri 2023-cü il aprelin 23-də Laçın–Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərində dövlət sərhədində nəzarət-buraxılış məntəqəsinin yaradılması oldu. Bu addım Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dövlət nəzarətini həyata keçirmək hüququnun təmin olunması baxımından əhəmiyyətli mərhələ kimi qiymətləndirildi.
Nəhayət, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması və konstitusiya quruluşunun bərpası məqsədilə antiterror tədbirlərinə başlanıldı. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, tədbirlər 23 saat 43 dəqiqə davam etdi. Sentyabrın 20-də əldə olunan razılaşmadan sonra bölgədəki separatçı silahlı birləşmələrin fəaliyyəti dayandırıldı. Bununla Azərbaycan dövlətinin ölkənin bütün ərazisində suverenliyinin tam bərpası təmin edildi.
Elnarə Akimovanın sözlərinə görə, Prezident İlham Əliyev 2024-cü il sentyabrın 20-də Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə bu tarixi hadisənin mahiyyətini ifadə edərək bildirmişdi: “Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi”.
Deputat hesab edir ki, bu fikirlər 20 Sentyabrın siyasi və tarixi mahiyyətini özündə cəmləşdirir. Çünki dövlət suverenliyinin tam bərpası Azərbaycanın müstəqillik tarixində yeni səhifə açıb. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan 2023-cü ilin sentyabrında həmin müstəqilliyin ərazi və siyasi bütövlüyünü tam təmin edən mərhələyə çatıb.
Elnarə Akimovanın sözlərinə görə, 20 Sentyabrı yalnız hərbi əməliyyatın nəticəsi kimi qiymətləndirmək doğru olmaz. Bu tarix Azərbaycan dövlətçiliyinin siyasi və institusional bütövlüyünün möhkəmləndirilməsinin, ölkənin bütün ərazisində Konstitusiyanın və dövlət hakimiyyətinin aliliyinin təmin olunmasının rəmzidir. Suveren dövlət olmaq dövlətin öz ərazisində ali hakimiyyətə malik olması, daxili və xarici siyasətini müstəqil şəkildə müəyyənləşdirməsi və milli maraqlarını sərbəst şəkildə həyata keçirməsi deməkdir.
Tam suverenliyin bərpası Azərbaycanın qarşısında eyni zamanda yeni məsuliyyətlər də yaradıb. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işlərinin aparılması, şəhər və kəndlərin yenidən salınması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi, müasir infrastrukturun yaradılması və regionun iqtisadi potensialının ölkə iqtisadiyyatına inteqrasiyası bu mərhələnin əsas istiqamətlərindəndir.
Bu baxımdan 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də xüsusi məna daşıyırdı. Konstitusiya və dövlət suverenliyi bir-biri ilə sıx bağlı anlayışlardır. Dövlətin ərazi bütövlüyü, siyasi müstəqilliyi və konstitusiya quruluşu müasir dövlətçiliyin fundamental əsaslarını təşkil edir. Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətinin təmin olunması isə müstəqil dövlətçiliyimizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.
Millət vəkili əlavə edib ki, 20 Sentyabrın Azərbaycan həyatında xüsusi rəmzi məna qazanmasının göstəricilərindən biri də Bakı Metropoliteninin yeni stansiyasına bu adın verilməsidir. Tarixi hadisələrin şəhər məkanında yaşadılması onların milli yaddaşda qorunmasının formalarından biridir. Küçələr, meydanlar, abidələr və digər ictimai məkanlarla yanaşı, mühüm tarixi günlərin adlarının nəqliyyat infrastrukturunda yaşadılması da həmin hadisələrin gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Elnarə Akimova vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması ölkənin qarşısında yeni inkişaf imkanları açıb. Tam suverenlik dövlət idarəçiliyinin bütün ölkə ərazisində vahid əsaslarla həyata keçirilməsi, iqtisadi və sosial inkişafın daha geniş coğrafiyada təmin olunması, azad edilmiş ərazilərin ölkənin ümumi inkişaf məkanına inteqrasiyası və Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi üçün mühüm zəmin yaradıb.
Onun sözlərinə görə, 20 Sentyabrın ən mühüm dərslərindən biri ondan ibarətdir ki, dövlətçilik yalnız sərhədləri qorumaqla məhdudlaşmır. Dövlətçilik həm də milli iradənin qorunması, qanunun aliliyinin təmin edilməsi, dövlət institutlarının möhkəmləndirilməsi, xalqın birliyinin qorunması və əldə olunmuş nəticələrin davamlı inkişafla möhkəmləndirilməsi deməkdir.
Şəhidlərin qanı və xalqın fədakarlığı hesabına əldə edilmiş Zəfər gələcək nəsillərə yalnız qürur hissi kimi deyil, həm də böyük məsuliyyət kimi ötürülməlidir. Prezident İlham Əliyevin Dövlət Suverenliyi Günü ilə bağlı fikrində vurğuladığı kimi, “ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”. Milli sərvət isə qorunmalı, yaşadılmalı və gələcək nəsillərə etibarlı şəkildə ötürülməlidir.
Elnarə Akimova vurğulayıb ki, 20 Sentyabr məhz buna görə Azərbaycanın müasir tarixində xüsusi yer tutur. Bu tarix bizə xatırladır ki, müstəqillik yalnız elan edilmir – qorunur; suverenlik yalnız bəyan edilmir – təmin olunur; Zəfər yalnız qazanılmır – onun nəticələri davamlı quruculuq və inkişafla möhkəmləndirilir.
Bu gün Azərbaycanın bütün ərazisində dövlət bayrağının dalğalanması uzun illər davam edən mübarizənin və dövlətçilik iradəsinin nəticəsidir. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri isə Zəfərin yeni mərhələsini – yaradıcı və qurucu mərhələni nümayiş etdirir.
20 Sentyabr Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunduğu tarixi gün kimi xalqımızın yaddaşında yaşayacaq. Bu tarix həm Zəfərin qürurunu, həm şəhidlərin müqəddəs əmanətini, həm də gələcək nəsillər qarşısında dövlətçilik məsuliyyətini özündə birləşdirir.

Mənbə: Odlar.media

Etiketlər: