Odlar.media xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tədris korpuslarından birinin təmirə bağlanması tələbələr arasında müxtəlif suallar yaradıb.
Korpusun təmirə bağlanması ilə əlaqədar tələbələrin bir binada yerləşdiriləcəyi, dərslərin distant, hibrid və ya üçnövbəli formada keçiriləcəyi ilə bağlı müzakirələr yaranıb.
Məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq ADNSU-dan bildirilib ki, yeni tədris ilində təhsilin təşkili ilə bağlı hər hansı dəyişiklik nəzərdə tutulmayıb.
Universitetin mətbuat xidmətinin məlumatına görə, tələbələr təhsillərini birinci tədris korpusunda davam etdirəcəklər. Dərslərin distant və ya hibrid formada keçirilməsi planlaşdırılmır.
“Universitetin əsas korpusunda auditoriyalar müəyyənləşdirilib. ADNSU yeni tədris ilinə tam hazırdır”, – deyə açıqlamada bildirilib.
Beləliklə, tədris korpuslarından birinin təmirə bağlanmasına baxmayaraq, universitetdə dərslərin ənənəvi, əyani formada davam etdirilməsi nəzərdə tutulur.
Odlar.media