Odlar.media xəbər verir ki, Moldova hökuməti 2005-ci il noyabrın 25-də MDB çərçivəsində imzalanmış “İnsan alveri, insan orqanları və toxumalarının qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq haqqında” Sazişi denonsasiya edib.
Qərar Moldova hökumətinin sentyabrın 10-da keçirilən iclasında qəbul olunub.
Layihəni təqdim edən daxili işlər naziri Daniela Misail-Nikitina bildirib ki, qərar ölkənin Avropa İttifaqına inteqrasiya kursuna uyğun olaraq qəbul edilib.
Nazirin sözlərinə görə, hazırda insan alverinə qarşı mübarizə daha aktual beynəlxalq mexanizmlərə, o cümlədən Avropa Şurasının müvafiq konvensiyasına, Avropa tərəfdaşları və “İnterpol”la əməkdaşlıq mexanizmlərinə əsaslanır.
O qeyd edib ki, bu səbəbdən mövcud reallıqları və müasir əməkdaşlıq mexanizmlərini əks etdirməyən sazişdən imtina edilməsi məqsədəuyğun hesab olunub.
Qərar rəsmi dərc edildikdən sonra qüvvəyə minəcək.
Qeyd edək ki, Moldova artıq MDB-nin bir sıra əsas sazişlərindən çıxıb və digər razılaşmaların da denonsasiyasına başlayıb. Ölkənin MDB-dən çıxış prosesinin 2027-ci ilin aprelində başa çatması gözlənilir.
Odlar.media