Odlar.media xəbər verir ki, Laçın rayonunun Ağbulaq kəndində doğma yurdun azadlığı uğrunda canlarından keçən kənd sakinlərinin xatirəsini əbədiləşdirmək məqsədilə “Xatirə bulağı” istifadəyə verilib.
Açılış mərasimində kənd sakinləri, şəhid ailələri, müharibə iştirakçıları və ziyalılar iştirak ediblər. Bildirilib ki, “Xatirə bulağı” Ağbulaq sakinlərinin şəxsi təşəbbüsü və dəstəyi ilə ərsəyə gətirilib.
Tədbirdə çıxış edənlər Böyük Qayıdış çərçivəsində doğma torpaqlara qayıdışın yaratdığı böyük sevincdən söz açıblar. Qeyd olunub ki, azad edilmiş ərazilərdə bu gün qürurla yaşamaq Vətən uğrunda canından keçən qəhrəman şəhidlərin fədakarlığı sayəsində mümkün olub.
Çıxışlarda şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, onlara Allahdan rəhmət, qazilərə isə möhkəm cansağlığı arzulanıb. Həmçinin ərazi bütövlüyünün və suverenliyin tam bərpa olunmasında göstərdiyi xidmətlərə görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna minnətdarlıq ifadə olunub.
Məlumata görə, xatirə lövhəsində fotoları əks olunan şəxslər 1992-ci ildə Laçının işğalı zamanı itkin düşən və taleyi bu günədək məlum olmayan Ağbulaq kənd sakinləridir.
Mərasimin sonunda şəhidlərin ruhuna dualar oxunub və ehsan süfrəsi açılıb.
Odlar.media
