Odlar.media xəbər verir ki, ABŞ yaxın perspektivdə İrana yeni hərbi zərbələr endirməyi planlaşdırmır. Vaşinqton bunun əvəzinə Tehran üzərində təzyiqi digər vasitələrlə, o cümlədən sanksiyalarla artırmağa fokuslanacaq.
“Axios”un mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ dövlət katibi Marko Rubio bu barədə bir sıra ölkələrin xarici işlər nazirlərinə məlumat verib.
Rubio bildirib ki, ABŞ administrasiyası hazırda İrana qarşı yeni zərbələr endirməyi nəzərdə tutmur. Bununla belə, İranın ilk olaraq hücuma keçəcəyi təqdirdə Vaşinqtonun hərbi cavab verməsi istisna edilmir.
Məlumata əsasən, ABŞ administrasiyası əsas diqqəti İrana qarşı sanksiyaların sərtləşdirilməsinə, dəniz blokadası vasitəsilə iqtisadi təzyiqin artırılmasına və Hörmüz boğazından mümkün qədər çox neftin daşınmasının təmin edilməsinə yönəltməyi planlaşdırır.
“Axios”un mənbələrindən biri qeyd edib ki, Vaşinqton bu strategiyanı ən azı noyabrın 3-də keçiriləcək Konqresdəki aralıq seçkilərə qədər davam etdirmək niyyətindədir.
ABŞ administrasiyasının nümayəndəsi isə bildirib ki, Vaşinqton hazırda Tehranla danışıqlar aparmır. Bununla belə, ABŞ hesab edir ki, İrana qarşı artan təzyiq İran hakimiyyətini danışıqlar masasına qayıtmağa sövq edə bilər.
