🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 04:18   •   🌡️ Bakı

Magistraturaların boş qalan plan yerlərinə qəbul elan edilir

Odlar.media xəbər verir ki, ali təhsil müəssisələrinin magistraturalarında boş qalan plan yerlərinə qəbul üçün ixtisaslaşma seçimi avqustun 24-dən 30-dək keçiriləcək.
Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, boş qalan plan yerləri üzrə keçiriləcək seçimdə 15 fevral, 17 may və 14 iyun 2026-cı il tarixlərində keçirilmiş magistratura qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçimində iştirak hüququ qazanan bakalavrlar iştirak edə bilərlər. Bəzi proqramlar üzrə qabiliyyət imtahanının nəticələri də nəzərə alınır.
Qeyd olunub ki, əvvəlki müsabiqə nəticəsində magistraturaya qəbul olunmuş, lakin müəyyən edilmiş müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməmiş bakalavrlar yerləşdirildikləri ixtisaslaşmadan imtina etmiş hesab olunurlar. Bu şəxslərin boş qalan plan yerləri üzrə keçirilən müsabiqədə iştirakına icazə verilmir.
Bakalavrlar avqustun 30-u saat 23:59-dək DİM-in internet saytında “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”nə daxil olaraq seçdikləri ixtisaslaşmaların kodlarını qeyd etməli və ərizəni təsdiqləməlidirlər. Hər bir bakalavr 20-dək ixtisaslaşma kodu seçə bilər.
Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc edilib.
Jurnalı DİM-in əsas inzibati binasından, “Abituriyent” satış məntəqəsindən, eləcə də kitab mağazalarından əldə etmək mümkündür. Jurnalın elektron versiyası isə “Abituriyent”in internet saytında PDF formatında təqdim olunur.