Odlar.media xəbər verir ki, Azərbaycanın görkəmli dövlət və elm xadimi, səhiyyə təşkilatçısı Əziz Əliyevin anadan olmasının 130-cu ildönümü qeyd ediləcək.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Səhiyyə Nazirliyi Elm və Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyi ilə birlikdə Əziz Əliyevin 130 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayaraq həyata keçirməlidir.
Qeyd edək ki, 2027-ci ilin yanvar ayında Azərbaycanın görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 130 ili tamam olur.
Əziz Əliyev müxtəlif məsul vəzifələrdə çalışdığı dövrdə dövlət quruculuğu və idarəçiliyin təkmilləşdirilməsi istiqamətində mühüm fəaliyyət göstərib. O, Azərbaycanda səhiyyə sisteminin yeni əsaslar üzərində qurulmasında, tibb təhsilinin inkişafında və milli tibb kadrlarının hazırlanmasında xüsusi xidmətlər göstərib.
İkinci Dünya müharibəsi illərində hərbi-siyasi əhəmiyyət daşıyan bir sıra mühüm məsələlərin həllinə rəhbərlik edən Əziz Əliyev Azərbaycan tarixinin mühüm mərhələlərində dövlət və xalq qarşısında dayanan taleyüklü məsələlərə münasibətdə prinsipial mövqe nümayiş etdirib.
Azərbaycan və Dağıstan arasında münasibətlərin möhkəmləndirilməsi istiqamətində göstərdiyi xidmətlər də Əziz Əliyevin ictimai-siyasi fəaliyyətində mühüm yer tutur. Onun bu sahədəki fəaliyyəti Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına mühüm töhfə kimi qiymətləndirilir.
