Odlar.media xəbər verir ki, tanınmış jurnalist Ədalət Mədəd oğlu İsmayılov vəfat edib. Bu barədə onun dostları sosial şəbəkələrdə məlumat yayıblar.
Ədalət İsmayılov 1968-ci il fevralın 1-də Gürcüstanın Dmanisi şəhərində ziyalı ailəsində anadan olub. O, 1990-1996-cı illərdə A.M. Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb.
Tələbəlik illərindən jurnalistikaya maraq göstərən Ə. İsmayılov uzun illər müxtəlif mətbu orqanlarda fəaliyyət göstərib. O, BBC radiosunun Bakı ofisində, həmçinin “Elm”, “İntibah”, “Əlillər”, “Kaspiy”, “New Baku Post” və digər media qurumlarında çalışıb.
Ədalət İsmayılov eyni zamanda bədii yaradıcılıqla məşğul olub və bir neçə kitabın müəllifidir. O, 2019-cu ildən Əqli Mülkiyyət Agentliyinin “Əqli mülkiyyət” jurnalının baş redaktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, Ədalət İsmayılov tanınmış şair Mədəd Coşqunun oğludur. Onun bacısı Sədaqət İsmayılova da jurnalist kimi fəaliyyət göstərib, BBC-nin Bakı ofisində çalışıb və xərçəng xəstəliyindən vəfat edib.
Allah rəhmət eləsin!
