🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 05:30   •   🌡️ Bakı

Azərbaycanın Gürcüstandakı investisiyaları 214 milyon dolları ötüb

Odlar.media xəbər verir ki, 2025-ci ildə Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı birbaşa investisiyaların həcmi 214,4 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin 2025-ci il üzrə birbaşa xarici investisiyalarla bağlı dəqiqləşdirilmiş hesabatında bildirilib.
Hesabat dövründə Azərbaycan Gürcüstanın ən çox investisiya yatıran ikinci ölkəsi olub. Azərbaycanın qonşu ölkəyə cəlb olunan ümumi xarici investisiyalardakı payı 11,3 faiz təşkil edib.
2025-ci ildə Gürcüstana ümumilikdə 1,9 milyard ABŞ dolları həcmində xarici investisiya yatırılıb. Bu göstərici 2024-cü illə müqayisədə 19,3 faiz, 2025-ci ilin ilkin göstəricisi ilə müqayisədə isə 12,5 faiz çoxdur.
Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkə 426,6 milyon ABŞ dolları ilə Böyük Britaniya olub. Türkiyə isə 202,4 milyon ABŞ dolları investisiya ilə üçüncü sırada qərarlaşıb.
2025-ci ildə Gürcüstanda xarici investisiyaların əsas istiqamətləri maliyyə və sığorta fəaliyyəti, daşınmaz əmlak, ticarət, istehsal, nəqliyyat, informasiya və kommunikasiya, energetika, su təchizatı, peşəkar, elmi və texniki fəaliyyət, həmçinin incəsənət, əyləncə və istirahət sahələri olub.