Odlar.media xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçimi mərhələsi ilə bağlı abituriyentlərə müraciət ünvanlayıb.
DİM sədrinin sosial media hesabında yayımlanan müraciətdə ixtisas seçiminin ali təhsil yolunda verilən ən məsuliyyətli qərarlardan biri olduğu vurğulanıb. Bildirilib ki, bu proses zamanı yalnız etibarlı və rəsmi məlumat mənbələrinə istinad etmək vacibdir.
Qeyd olunub ki, bu məqsədlə “Abituriyent” jurnalının 4-cü nömrəsi yaxın günlərdə nəşr edilərək abituriyentlərin istifadəsinə veriləcək.
Jurnalda aşağıdakı əsas məlumatlar yer alacaq:
İxtisas seçimi elanı və müsabiqə şərtləri;
“Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası;
Ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında tələbə qəbulunun proqnozu;
İxtisas seçimi prosesində zəruri olan digər mühüm məlumatlar.
Məleykə Abbaszadə jurnalda dərc olunan psixoloq tövsiyələrinin də xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, həmin məqalədə peşə seçimi zamanı yaranan qərarsızlığın səbəbləri izah olunur, abituriyentlərin maraq, bacarıq, dəyərlər və real imkanlarını düzgün qiymətləndirərək gələcək peşə istiqamətlərini müəyyənləşdirmələrinə kömək edəcək tövsiyələr təqdim edilir.
DİM sədri vurğulayıb ki, jurnal həm Azərbaycan, həm də rus bölmələrinin abituriyentləri üçün vahid formada – Azərbaycan dilində hazırlanıb. Nəşrdə hər iki bölmə üzrə, eləcə də hər iki bölmənin birgə qəbul aparıldığı ixtisaslar haqqında məlumatlar təqdim olunub.
Müraciətin sonunda Məleykə Abbaszadə abituriyentlərə uğurlu, düşünülmüş və gələcək karyeralarına düzgün istiqamət verəcək ixtisas seçimi arzulayıb.
