Odlar.media xəbər verir ki, FİFA prezidenti Canni İnfantinonun Avropa Superliqasının FİFA Superliqası adı altında yenidən brendləşdirilməsi ilə bağlı gizli danışıqlarda iştirak etdiyi iddia olunub.
“The Guardian” nəşrinin yaydığı məlumata görə, tərəflər hələ 2020-ci ilin oktyabrında ilkin razılaşma layihəsi hazırlayıblar. Bildirilir ki, danışıqlar kifayət qədər irəliləyib və ən azı 12 illik əməkdaşlığı, eləcə də turnirin kommersiya fəaliyyətini idarə edəcək birgə təşkilatın yaradılmasını nəzərdə tutub.
Layihəyə əsasən, FİFA Superliqasında 15 daimi iştirakçı klubun, həmçinin mövcud turnirlər vasitəsilə vəsiqə qazanacaq daha 5 komandanın çıxış etməsi planlaşdırılıb. Eyni formatda qadınlar arasında da analoji turnirin təşkili nəzərdə tutulub.
Sənəddə FİFA-ya Superliqada xüsusi pay ayrılması da əksini tapıb. Bu, quruma turnirin formatı, təqvimi, həmrəylik ödənişlərinin bölgüsü və baş icraçı direktorun təyinatı kimi mühüm məsələlər üzrə qərarvermə səlahiyyəti verəcəkdi.
Məlumata görə, genişləndirilmiş Klublararası Dünya Çempionatının “qlobal klub turniri” adlandırılan formatda hər il üç həftə ərzində pley-off sistemi ilə keçirilməsi və Superliqa ilə əlaqələndirilməsi də layihənin tərkib hissəsi olub.
Nəşr bildirir ki, yeni turnirlərin hər il FİFA Konqresi və FİFA Şurası tərəfindən təsdiqlənməsi planlaşdırılsa da, milli futbol assosiasiyaları layihənin hazırlanmasına cəlb edilməyib. İddialara əsasən, Canni İnfantino bu prosesdə şəxsən iştirak edib və layihənin gedişi barədə tam məlumatlı olub.
